12 Aprel 2023 10:54
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xəyanəti, xəyanətkarlığı, təxribatı bitib tükənən deyil. Sülh onlar üçün məqbul sayılmır. Başlar bütünlükdə əzilməsə, xeyri yoxdur. Nə dörd günlük Aprel döyüşlərindən, nə 44 günlük müharibədən dərs alana oxşamırlar. Qorxurlar, amma başlarını əzilməkdən də saxlaya bilmirlər.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, Laçında törədilən təxribatda üç şəhid versək də, qəhrəman ordumuz tərəfindən yenidən düşmənin başı əzilib:

“Bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində Ermənistan xeyli itki verib. Etiraflarına görə, korpus komandiri də daxil olmaqla böyük itkiləri var. Qisasımız tam alınacaq, buna əminik.

Ermənistan rəsmiləri və şəxsən Paşinyan dildə sülh deyib, sülhdən danışır, əməli isə eyniylə Köçəryan və Sərkisyanın əməlidir. Rusiyanın əlində oyuncaq olan Ermənistan indi də İranın, Fransanın diktəsilə xain təxribatlarından əl çəkmir. ABŞ-da görüş xəbəri yayılan kimi, təxribata təhrik edildilər. Kimlər və niyə etdilər, məlumdur.

Qarabağ iqtisadi rayonunda qorxudan əsən bu fərari yığnağı İrana, Fransaya, Rusiyaya güvənib nə qədər təxribatlar törədəcək? Cəmi bir “Bayraktar”lıq ömürləri var. Amma havadarları onları sürəkli tətikləyir.

Rusiya ilə çox şey aydındır: nə zaman nə edib, nə zaman fürsət düşəndə nə edəcəklərinin hamısını bilirik. Fransayla da eləcə.

Bəs müsəlman İrana nə olub? Ermənistana “qardaş” deyən İranın müsəlmanlığı istismar etməsi bu aspekdən daha aydın görünür. Ermənistana dəstək verən ölkə müsəlman dövləti ola bilərmi? Ermənistanın təxribatı nəticəsində şəhid olan azərbaycanlılar müsəlman deyilmi? Müsəlmandırlar, özü də İranın fars-molla rejimində müsəlman donuna bürünmüş yalançılardan fərqli olaraq, əsl müsəlmandırlar”.

Rəfail Becanov bildirib ki, İran təkcə şovinist dövlət deyil, o ölkənin hakimiyyətinin mahiyyəti təkcə əzazil molla-fars rejimi olmasında deyil, həm də o ölkədə müsəlmanlığı belə manipulyasiya edən bir sistem var:

“Müsəlman dövləti müsəlman Azərbaycana qarşı bütün xainliklərin içində yer alan Ermənistanla dostluq edərdimi? Etməzdi. Amma İran edir.

Laçında törədilən son təxribatda da Ermənistanın əvvəlki iki havadarı ilə yanaşı, İran əsas iştirakçılardandır. Gizli-aşkar verdiyi PUA-larla, başqa növ silah-sursatlarla Ermənistanın yanındadır. Ermənistanı müdafiə edən, ona dəstək olan hər kəsin, hər bir ölkənin Azərbaycana qarşı təxribatlarda payı var. Biz bunu unudarıqmı?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər