31 Dekabr 2014 11:52
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyanın Fresno şəhərində nəşr olunan “Fresno Bee” qəzetində 29 dekabr sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məktubu dərc olunub.

Baş Konsulluqdan APA-ya daxil olan məlumata görə, məktub qəzetdə qondarma “DQR”-ə dair dərc olunmuş məqaləyə cavab olaraq yazılıb.

Məktubda qeyd edilib ki, qondarma “DQR” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz hərbi işğalı və bu ərazilərdə aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni rejimdir və bu rejim ABŞ və ya hər hansı digər dövlət tərəfindən tanınmayıb.

1991-94-cü illərdə Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və səkkiz yüz mindən çox azərbaycanlının bu torpaqlardan zorla didərgin salındığını bildirən baş konsul, müqayisə üçün, işğal olunmuş torpaqların ərazisinin sözügedən qəzetin dərc olunduğu böyük Fresno Vilayətinin ərazisinə bərabər olduğunu qeyd edib. N. Ağayev, həmçinin, BMT Təhlükəsizlik Şurasının bu işğalı sərt şəkildə pislədiyini və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxardılmasını tələb etdiyini vurğulayıb.

Azərbaycanın Ermənistan ilə sülh istədiyini bildirən baş konsul N.Ağayev, eyni zamanda, sülhün yalnız Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxardacağı, qanunsuz işğala son verəcəyi və didərgin salınmış azərbaycanlıların öz torpaqlarına qayıtması nəticəsində mümkün ola biləcəyini qeyd edib.

Qeyd edək ki, Fresno ABŞ-da erməni icmasının ən çox yaşadığı şəhərlərdəndir.


Müəllif:

Oxşar xəbərlər