“Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşünə diqqət çəkib:
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüssel, ya da Vaşinqtonda görüşə biləcəkləriylə bağlı xəbər yayılıb. ABŞ və Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyanı görüşdürməkdə maraqlıdır. Rusiya və İran isə Vaşinqton və Brüsselin vasitəçiliyinin əleyhinədir. Rusiya və İran hesab edir ki, Vaşinqton və Brüssel bölgəyə aid olan məsələlərə qarışmamalıdır. Ona görə də təmas xəttindəki son təxribatın bu iki dövlətin təşəbbüsü ilə baş verdiyinə dair mülahizələr var. Məqsəd liderlərin Brüssel və Vaşinqtondakı görüşünü əngəlləməkdir.
Prezident İlham Əliyev görüşün Brüssel və ya Vaşinqtonda keçirilməsinə etiraz etmir. Qərarı Nikol Paşinyan verməlidir. Fikrimcə, Paşinyan Brüssel və Vaşinqtonla münasibətlərdə lazımsız gərginlik yaşamamaq üçün o da görüşə razılaşa bilər. Ancaq əsas məsələ bu deyil. Görüş Brüssel və ya Vaşinqtonda keçirilsə belə, nəticə nə olacaq? Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz”.
Elxan Şahinoğlu İranın Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinə də toxunub:
“İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının “Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçilyin bir başqa nümunəsidir. Bununla iki məqsəd güddükləri aşkardır. Birinci məqsədləri, Azərbaycan Respbulikasının varlığını inkar, ikinci məqsədləri Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir.
İmkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar. Reallıqla barışmalı olsalar da, dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər. Bizi də məcbur edirlər ki, “İran adlı dövlət” ifadəsini işlədək və yazaq”.