“Biz qoşunları Ermənistan-Azərbaycan 1991-ci il sərhəd xətti boyunca təhlükəsiz məsafəyə çəkməyə hazırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Sərhəddəki durumun siyasi qiymətləndirilməsi baxımından 1991-ci il sərhəd xəttinin vurğulandığı Avropa Birliyinin ötən gün verdiyi bəyanatın önəmli olduğunu düşünürəm. Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında mövcud olan inzibati sərhəddən gedir. Avropa Birliyinin bəyanatında deyilir ki, bu xəttə hörmət edilməlidir. Bu, sabitliyin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin həmin sərhəddən təhlükəsiz məsafəyə çəkilməsi vurğulayır.
Ermənistan Ermənistan-Azərbaycanın bütün sərhəd xətti boyunca belə bir tədbiri görməyə hazırdır. 2021-ci ildən buna hazır olduğumuzu bildiririk və belə bir addım Praqa və Soçi danışıqlarının məntiqindən irəli gəlir”, - baş nazir bildirib.