NATO-nun iki freqatı Baltik dənizində keçirilən təlimlərdən sonra dörd gün ərzində Finlandiyanın paytaxtına gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
NATO freqatları aprelin 13-16 tarixlərində Finlandiyanın paytaxtında olacaq. Bunlar Almaniyanın “FGS Mecklenburg-Vorpommern” və Portuqaliyanın “NRP Bartolomeu Dias” freqatlarıdır.
Hər iki freqat aprelin 12-də Finlandiya Sahil Donanmasının gəmiləri ilə birlikdə Fin körfəzində təlim keçirib. Təlimdə Finlandiyanın “FNS Purunpää”, “FNS Raahe” və “FNS Porvoo” gəmiləri iştirak edib.
Finlandiya aprelin 4-də NATO-ya üzv olub. Bunlar Şimali Atlantika Alyansına qoşulduqdan sonra Finlandiya Hərbi Dəniz Qüvvələrinin ilk hərbi təlimləri olub.
Rusiya Finlandiyanın NATO-ya üzvlüyünə sərt təpki verib. Rusiya XİN bunun Şimali Avropada vəziyyəti kökündən dəyişəcəyini bildirib.