“Qonşu ölkənin Avropa çempionatında iştirakı ilə bağlı böyük ajiotajın olmasını istəmirəm. Azərbaycanlılar artıq İrəvandadırlar, biz onların təhlükəsizliyini təmin etmişik”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazir aparatının rəhbəri Araik Arutyunyan deyib.
“4-ü idmançı olmaqla 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti artıq İrəvana gəlib. İdmançılar açılış mərasimində iştirak etməyəcəklər. İdman spesifikdir və idmançılar öz formalarını saxlamaq üçün əlavə stresli vəziyyətlərdə olmamalıdırlar. Bayraq paradını fərqli təşkil etdik. İdman dünyasında hətta münaqişəli ölkələrin komandalarını qəbul etmək adi bir təcrübədir”, - Ermənistan rəsmisi bildirib.
Arutyunyan qeyd edib ki, bu müddət ərzində Avropa Federasiyasının vasitəçiliyi ilə Azərbaycan komandası ilə təhlükəsizlik məsələləri ilə bağlı yazışmalar olub: “Biz hər zaman vurğulamışıq ki, digərləri kimi Azərbaycan idmançılarının da təhlükəsizliyini təmin etməyə hazırıq. Partnyorlar əlavə təhlükəsizlik tələb etdilər və biz bunu təmin etdik. Biz bütün tədbirləri həyata keçirmişik: müşayiət, hava limanında qarşılanma, oteldə əlavə təhlükəsizlik”.
Aprelin 14-də İrəvandakı Karen Dəmirçyan adına idman-konsert kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi olacaq. İrəvana 4 idmançı ilə gələn Azərbaycan millisi də Avropa çempionatında iştirak edir.