12 May 2014 12:16
3 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dağlıq Qarabağda müharibənin dayandırılmasını nəzərdə tutan sülh sazişinin - "Bişkek protokolu"nun imzalanmasından 20 il keçir. Hüquqi xarakter daşımayan sənəd 1994-cü il mayında Bakı şəhərində imzalanıb.

Sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilov sənədi imzalamaqdan imtina edib.

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxıb. Həmin sənədin əslinin hazırda RF XİN arxivlərində saxlanıldığı guman edilir.

Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirib. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif edib. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına Dağlıq Qarabağ Azərbaycanlıları İcmasının rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina edib. Sonralar Vladimir Kazimirov öz xatirələrində belə qeyd edib:

"Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı".

R.Quliyev Kazimirovun gözü qarşısında öz əli ilə N.Bəhmənovun adını oraya əlavə edib, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoyub. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yoxdur. Kazimirov mayın 5-də Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya qayıdıb.

Mayın 8-də imzalanan sənəd həmin ayın 12-də qüvvəyə minib. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Həmin dövrdə proseslərin aktiv iştiraçısı olan poltoloq Qabil Hüseynli mətbuata açıqlamasında bildirib ki, əgər protokol imzalanmasaydı, Gəncə və Yevlaxın da işğal olunması ehtimalı var idi.

"Bişkek protokolu" hüquqi xarakter daşıyırmı" sualına cavab olaraq Q.Hüseynli bildirdi ki, buna birmənalı cavab vermək olmaz: "Həmin sənəddə tərəflərin atəşkəs elan etməsi öz əksini tapıb. Həmin saziş imzalanandan sonra faktiki olaraq qızğın müharubələr olmadı, işğal dayandı. Bu mənada həmin sənədin əhəmiyyəti böyük oldu. Bununla belə, işğal olunmuş torpaqlarımız hələ də azad olunmayıb".

Ayxan


Müəllif: