17 Aprel 2023 16:54
6 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hesabat Azərbaycan və Ermənistan arasında müzakirə olunan müxtəlif mövzuları əhatə edir.

Ermənistan hökumətinin 2022-ci il üçün planının icrasına dair hesabatda danışıqların prosesinin aşağıdakı əsas istiqamətlər üzrə aparıldığı bildirilir:

Ermənistan-Azərbaycan sülh və münasibətlərin normallaşması haqqında saziş, Qarabağ probleminin həlli, bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyası, təhlükəsizlik və humanitar məsələlər.

Hesabatda bu məsələlərin müzakirəsi üçün Avropa Birliyi, ABŞ və Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrı vaxtlarda keçirilmiş görüşlər və bu təmaslarda əldə edilmiş anlaşmalara diqqət çəkilir. Qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin qurulması sazişi üzrə üç raund iş, müşahidə və tövsiyələr mübadiləsi aparılıb.

Eyni zamanda, Qarabağ məsələsinin mümkün sülh sazişinə daxil edilməməsinin Ermənistan üçün məqbul olduğu vurğulanır. İrəvanın mövqeyinə görə, bu məsələ Qarabağ erməniləri ilə rəsmi Bakı arasında müzakirə edilməlidir. Hesabatda qeyd edilir ki, Ermənistan üçün Qarabağ ermənilərinin “təhlükəsizlik və hüquq məsələləri”nin həlli vacibdir.

“Ermənistan-Azərbaycan sazişi kontekstində Ermənistan Respublikasının 29.8 min kvadratkilometr ərazisi üçün təhlükəsizlik təminatlarının, mübahisələrin həlli üçün praktiki mexanizmin formalaşdırılması və sazişin mətninin mümkün müzakirələri nəzərdə tutulur”, - hesabatda deyilir.

Sərhədlərin qarşılıqlı tanınması məsələsinə gəldikdə, sənəddə bunun 1991-ci il Almatı bəyannaməsi və bunun əks olunduğu Praqa bəyanatı əsasında həllinin önəminə diqqət çəkilir. Eləcə də bildirilir ki, bölgədəki kommunikasiyaların blokadadan çıxarılması mövzusu müxtəlif formatlarda müntəzəm olaraq müzakirə olunur. Rəsmi İrəvan iddia edir ki, bu kommunikasiyaların açılmasında maraqlıdır.

Bütün bunlarla yanaşı, hesabatda Azərbaycan əleyhinə əsassız və ya heç bir sübutu olmayan ittihamlar irəli sürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər