“Açılış mərasimində Azərbaycan bayrağının yandırılması İrəvanda keçirilən Avropa çempionatına kölgə saldı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan idman nazirinin müavini Karen Giloyan deyib.
Onun sözlərinə görə, açılış mərasimi ilə bağlı kənardan xoş mesajlar alsalar da, bayrağın yandırılması buna kölgə salıb. Eyni zamanda, Giloyan “Olay açılış mərasimində oldu, xəsarətsiz keçdi” söyləyərək, skandalı pərdələməyə də çalışıb.
Nazir müavini onu da bildirib ki, bundan sonra ağırqaldırma üzrə dünya çempionatının Ermənistana verilməsi ilə bağlı problem yarana bilər: “Belə bir effekt verdi ki, əgər 2024-cü il dünya çempionatını keçirmək hüququnu bizə verəcəkdilərsə, indi onu verib-verməmək barədə düşünürlər”.
Giloyan biabırçı olayın bir sıra ölkələr və beynəlxalq qurumlar tərəfindən yaxşı qarşılanmadığını qeyd edib:
“Əlbəttə, təəssürat çox pis oldu, çox pis qəbul etdilər. Hətta açılışdan sonra bir yerdə oturduğumuz beynəlxalq federasiyanın prezidenti də söhbət əsnasında dedi, belə olmasaydı, buna “Olimpiya oyunlarının açılışı” demək olardı. Fantastik dərəcədə yaxşı ola bilərdi, amma kölgə düşdü”.
Ermənistan rəsmisinin Azərbaycan bayrağını yandıran stilist Aram Nikolyana təpkisi belə olub:
“Əgər belə bir hərəkət etmək istəyirdisə, əvvəldən etməməliydi. Pulu götürüb xərclədi, o vaxt düşünməliydi ki, bu pulu götürməmək daha yaxşıdır. Düşünməliydi ki, bəs indi niyə bütün ölkəyə ziyan vururam? Bu qədər prinsipial idisə, əvvəldən deyəydi ki, mən (Azərbaycan bayrağını) tikmirəm, o pula ehtiyacım yoxdur. Yoxsa pulu alıb “qəhrəman” olmaq qərarına gəlib - kimin hesabına, dövlətin nüfuzu hesabına?”.
Giloyan erməni stilistin əvvəl Azərbaycan bayrağını tikməyə və Azərbaycanla bağlı digər dizaynları verməklə bağlı narazılığının olmadığını deyib.
Bütün bunlarla yanaşı, Ermənistan rəsmisi Azərbaycanın ünvanına cəfəng fikirlər də səsləndirib.