“ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını gücləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib:
“Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri və Pentaqonda keçirdiyi yüksək səviyyəli görüşlər iki dövlət arasında hərbi əməkdaşlıq müstəvisində yeni imkanlar yaradır. Demək olar ki, ABŞ İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı yeni reallığı qəbul edərək, Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirmək strategiyasına üstünlük verir.
Bu çərçivədə ABŞ-ın Azərbaycanı kəşfiyyat və müasir hərbi avadanlıqlarla təchiz etməsi mümkündür. ABŞ rəsmilərinin hər həftə Azərbaycan rəsmiləri ilə telefon əlaqələrinə və Vaşinqtondan Bakıya artan səfərlərə əsaslanaraq deyə bilərəm ki, Amerika İranın təhdidlərinə qarşı Azərbaycanı dəstəkləyir. ABŞ Dövlət Departamenti və Ağ Evin son bəyanatlarında da bu öz əksini tapır.
Hərbi Hava qüvvələri komandanının ABŞ ordusunun Baş Qərargah rəisi və amerikalı həmkarı ilə görüşləri Azərbaycana verilən dəstəyin əyani göstəricisidir. Bu xüsusdə ABŞ-la Azərbaycan arasında Silahlı Qüvvələrimizin havadan müdafiə sisteminin təkmilləşdirilməsi məsələlərinin razılaşmdırıldığı istisna deyil”.
Məhəmməd Əsədullazadənin fikrincə, təkcə ABŞ yox, İsrail də Azərbaycanla hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı gücləndirir:
“Hesab edirəm ki, bu da ABŞ-la sinxron həyata keçirir. Zənnimcə, İsrail müdafiə nazirinin Bakıya son səfərində bu kimi məsələlər razılaşdırılıb. İsrail xarici işlər nazirinin Azərbaycana səfəri də bu baxımdan önəmlidir.
Görünən budur ki, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlıq formatı yaranır. Hesab edirəm ki, Cənubi Qafqazda ABŞ və İsrailin Azərbaycanla əməkdaşlığı kənar təhdidləri neytrallaşdıracaq. Bu, xüsusən də İran təhdidlərinin artması fonunda önəmlidir.
Vaşinqtonun bölgə ilə bağlı strateji hədəfində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsi var. Bu xüsusda ABŞ-ın Ermənistana təzyiq edərək, regionda dəyişən geosiyasi nizamda Tehranın İrəvanla əməkdaşlığının qarşısını alması mümkündür. Çünki İranın Cənubi Qafqaz siyasəti ABŞ-ın regional maraqlarını təhdid edir. Bir sözlə, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını gücləndirir”.