20 Aprel 2023 22:19
4 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını Ermənistanda yerləşdirməyə hazır olduğunu bildirib. Bunu deyərkən, şərt qoşan əlavəsini də unutmayıb: “Ancaq bu missiyanın effektli olması lazımdır”.

Teleqraf.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, erməni baş nazir Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirərkən, “ancaq bu missiyanın effektli olması lazımdır” əlavəsini etməmişdi:

“Paşinyan KTMT missiyasını təmas xəttində (şərti sərhəddə) yerləşdirməklə nəyə ümid edir? Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan hərbçilərinin təmas xəttində möhkəmlənməsinə və istehkamlar qurmasına mane olmadı və bu, Paşinyanı məyus etdi.

Paşinyan anladı ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir. “Avropa İttifaqı missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Avropa İttifaqı missiyasından daha çox olmalıdır”, – deyən Paşinyan KTMT-nin Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri olduğunu vurğulayıb”.

Elxan Şahinoğlu hesab edir ki, Rusiya KTMT missiyasının Ermənistanda yerləşməsində maraqlıdır:

“Bununla bağlı layihə də hazırlanıb. Ancaq Avropa İttifaqı missiyası kimi KTMT missiyasının da Azərbaycanın sərhəd xəttini müəyyən edən fəaliyyətlərinə mane olacaq mexanizmləri yoxdur. Digər tərəfdən, KTMT-yə üzv ölkələrin hamısı ilə Azərbaycanın sıx münasibətləri var. Təmas xəttindəki missiyaya görə bu ölkələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Paşinyan bir müddətdən sonra KTMT missiyasından da məyus olacaq, bununla da onun heç bir alternativi qalmayacaq”.

Politoloq Ermənistan baş nazirinin Qarabağla bağlı açıqlamalarına da diqqət çəkib:

“Paşinyanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” cümləsi erməni radikallarını qəzəbləndirib, sağ-sola açıqlamalar verirlər. Bu xora bütün ermənilərin katolikosu II Qaregin də qoşulub. II Qaregin 2020-ci ilin dekabrında Paşinyanı istefa verməyə çağıran açıqlamasını təkarlayıb və istefayla bağlı tələbinin müddətsiz olduğunu vurğulayıb. Ermənilərin baş keşişi Ermənistanda vəziyyətin gərgin və təhlükəli olduğunu da sözlərinə əlavə edib. Bundan sonra Paşinyan geri çəkilib və ərazi bütövlüyü ilə bağlı fikirlərinin doğru anlaşılmadığını iddia edib.

Paşinyan bir gün “Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağın Azərbaycanın ərazisi kimi tanınması anlamına gəlmir” kimi bir-birinə zidd fikir söyləsə, gərək buna da təəccüblənməyək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər