“Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin buna da haqq qazandıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert çinli diplomatın keçmiş sovet ölkələri ilə bağlı təxribatçı fikirlərinə diqqət çəkib:
“Çinin Fransadakı səfiri Lou Şayenin Fransanın televiziya kanallarından birinə verdiyi müsahibə geniş ək-səda doğurub. Aparıcı səfirə “Krım kimindir” sualıyla müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb.
Çin səfiri müsahibəsində bir az da “irəli” gedərək, ümumiyyətlə, müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektli status”larının olmadığını iddia edib. Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə” yoxdur.
Çinli səfirin “məntiq”inə görə, Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır.
Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın fikirlərinin Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə zidd olduğunu deyib.
Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələni aydınlaşdırmasını istəyir. Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə, Pekin buna da haqq qazandıracaq”.