12 May 2014 12:40
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”

“Birgə bəyannamədə siyasi əlaqələrimizin konturları əksini tapıb və bu, çox mühüm sənəddir”.
Bunu Fransa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki ki, məsləhətləşmələr ölkələr arasında siyasi əlaqələri gücləndirir: “Son iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında Fransa ilə əməkdaşlıq edib. Bizim bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür”.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu söyləyən prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: “Avropa Şurası və digər beynəlxalq qurumlar da sənədlər qəbul edib, ancaq işğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyasının iki səfərinin də yekununda bildirilib ki, həmin ərazilərdə yaşayış məntəqələri, abidələr dağıdılıb. Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə öz müqəddəratlarını təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İnanıram ki, Fransa və Minsk Qrupunun digər həmsədrləri münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcək və münaqişə tezliklə həll olunacaq, insanlarımız torpaqlarına qayıdacaqlar”.

Fransa prezidenti F.Olland isə müəyyən məsələlərin hələ də münaqişənin həllinə imkan vermədiyini vurğulayıb: “Azərbaycan və Ermənistana səfərim bu münaqişənin həlli yolunda səylərdir. Fransanın Azərbaycan və Ermənistanla dostluq əlaqələri var, biz ikisindən birini seçə bilmərik. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə münaqişənin həllinə yenidən baxmağı təklif etdik. Fransa daim münaqişənin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib. Biz Ukrayna məsələsini də qeyd edirik, prinsiplər vahid olmalıdır. Qarşıdakı günlərdə Ukrayna böhranı ilə bağlı qəti qərar qəbul edəcəyik”.

Səxavət


Müəllif: