26 Aprel 2023 22:36
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin mümkün səbəblərinə diqqət çəkib:

“Fransa Prezidenti Emmanuel Makron prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, Azərbaycana bir dəfə də səfər etməyib, əvəzində iki dəfə Ermənistanda olub. Halbuki Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da təşrif buyurardılar. Bu o illər idi ki, Fransa Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı. Makron prezident seçilikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Belə olan halda Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanla yanaşı, Azərbaycana səfərə gəlmək qərarını necə izah etmək olar?

Görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır. Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı, Bakıya da göndərir. Bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, realıqları dinləsin. Onu da nəzərə almalıyıq ki, Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir.

Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var. Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi, Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər