26 Aprel 2023 19:19
4 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin tviterdə qondarma erməni soyqırımı ilə bağlı paylaşımı və çəkdiyi film ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

İlkin Qəmbər qondarma erməni soyqırımının “ildönümü” ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.

Filmdə isə ermənilərin Azərbaycana və Türkiyəyə qarşı separatçı ərazi iddialarına haqq qazandıran “xəritə” yayımlayıb. Üstəgəl, Cənubi Qafqazdakı mövcudluğu 200 ildən o tərəfə keçməyən erməniləri “bölgəmizdə minillik tarixi olan xalq” adlandırıb.

Teleqraf.com sözügedən paylaşıma və filmə tanınmışların fikrini öyrənib.

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu İlkin Qəmbərin mövqeyindən çox sarsıldığını bildirib: “Doğrudur, İlkinlə heç bir yaxınlığım yoxdur və Kanadaya gedən kimi keçmiş iş yoldaşlarının hamısını, o cümlədən məni bir neçə ildir ki, blok edib. Amma bunu gözləmirdim. Çünki mən bunu Qəmbərli ailəsinə yaraşdırmıram. İsa Qəmbər erkən yaşlarında həm öz canı, həm də qələmi ilə Azərbaycan üçün mücadilə verib və ölkənin azadlığı üçün çarpışıb. Azərbaycanın böyük dövlət və siyasət xadimlərindən biridir.

Eyni zamanda Aida xanım (Bağırova) hörmət etdiyim görkəmli alimlərimizdən biridir. Tanınmış alim kimi, onunla hər zaman çox yaxşı münasibətlərimiz olub. Belə bir ailənin övladının birdən-birə dönüb ermənipərəst olması, “erməni soyqırımı”nı tanıması və ona film həsr etməsi, əlbəttə ki, çox faciəvi haldır.

İlkin Qəmbərin atası İsa Qəmbər onun yaşından da az yaşda olanda erməni yazıçı Zori Balayanın soyqırımı və Azərbaycan torpaqları ilə bağlı iddialarına SSRİ dövründə cavab vermiş gənc alim idi.

Əslində bu, qəfil hadisə deyil, biz onunla bağlı müəyyən məlumatlar alırdıq. Amma sonucun buraya varacağını açığı, düşünməzdim. Təbii ki, bir azərbaycanlı olaraq qınayıram. Bu, Vətənə, türk dünyasına xəyanətdir. Həmçinin atasının apardığı və rəhbərlik etdiyi böyük bir yola, mücadələyə xəyanətdir”.

İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu isə atanın oğulun dediyinə cavabdeh olmadığın bildirib: “İsa Qəmbər 1984-cü ildə separatçı erməni yazıçısı Zori Balayana məktub yazanda heç kəs – akademiklər, yazıçılar o cavabı verə bilməmişdilər. İlkin 9 ildir Kanadada yaşayır. Çəkdikləri filmləri özünün açdığı yutub kanalında yayımlayır. Azərbaycanla, o cümlədən Xocalı soyqırımı ilə bağlı da filmlər çəkib həmin kanalda yayımlayıblar. O, tək deyil, ətrafında azərbaycanlılarla yanaşı, başqa millətlərdən də var.

Yeganə bir şey deyim ki, onun dedikləri və fikirləri ilə razı deyiləm. Ola bilər oğlu təsir altına düşüb. Bunu araşdırmaq lazımdır. Onun tvitterindən hakerlər də istifadə edə bilər. Yaxşı olar ki, İlkinin özü buna münasibət bildirsin.

Bəzən övladlar valideynləri güdaza verə bilər. Amma İlkinin bunu bilə-bilə etməsinə inanmıram. Hesab edirəm ki, bu, kollektiv işdir və o buna sipər ola bilməyib.

Amma hər bir halda Vətəni sevmək, onu qorumaq, mühafizə etmək, vətən üçün əlindən gələni əsirgəməmək vətəndaşlıq borcudur. Azərbaycanın öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, hər qarış torpağını qoruması, onun keşiyində durması ən ümdə vəzifə hesab olunur. Bundan sonra da torpaqlarımızın, milli dəyərlərimizin mühafizəsi ən önəmli, ən vacib missiyadır. Bu isə gələcəyimiz olan gənc nəslin üzərinə düşür. Bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi prioritetdir”.

Hüquq müdafiəçisi İlkinin tvitterdə paylaşdığı tvitin onu çox sarsıtdığını deyib: “Buna pərt oldum. Onu yaxşı tanıyırdım, çox tərbiyəli, normal insan idi. Onun bu paylaşımı mənə çox pis təsir etdi. Amma yenə də deyirəm, bunun İsa Qəmbərə dəxli yoxdur. İlkin onu yazında ən birinci atasını fikirləşməli idi. Buna necə yol vermək olar?”

Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu sözügedən filmə baxmadığını bildirib: “Sosial mediada ziddiyyətli informasiyalar var. Dəqiq heç nə bilmirəm. Olan məlumatlara görə, guya montajdır, belə bir film çəkilməyib və sair... Məsələyə tam aydınlıq gələndən sonra nə isə deyə bilərik. İlkinin özünün bu məsələyə münasibətini biləndən sonra fikir bildirmək mümkündür. Hərçənd inanmıram, amma belə bir şey olubsa, təəssüf edirəm”.

Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı isə bildirib: “İsa bəy bu suallara cavab verib, sözünü deyib, fikrini bildirib. Onun söylədiyinə əlavə etmək istədiyim heç bir şərhim yoxdur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər