“Başa düşməliyik ki, Rusiya Azərbaycan və Türkiyəyə qarşı döyüşmək istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Qarabağı Azərbaycandan qoparmağa ümid yox idi, amma bizdə dedilər ki, Qarabağ Ermənistandır və nöqtə”, - politoloq bildirib və Baş nazir Nikol Paşinyanın bu açıqlamasını “məsuliyyətsizlik” adlandırıb.
Xaçikyan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Ermənistanda Rusiya əleyhinə aparılan təbliğatın şiddətləndiyini söyləyib. Onun sözlərinə görə, “Rusiyanın məsuliyyəti” haqda danışarkən və Bakıya etiraz edərkən, bir şeyi nəzərə almaq lazımdır ki, İrəvan Praqa bəyanatı ilə Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Başa düşmək lazımdır ki, heç kim, o cümlədən Rusiya Azərbaycan və Türkiyəyə qarşı döyüşmək istəmir. Avropa Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməkdən imtina edir, ABŞ Azərbaycana qarşı sanksiyaların olmayacağını deyir. Avropanın, Amerikanın nümayəndələri bir-birinin ardınca gedib, Bakıda Əliyevlə (Prezident İlham Əliyev – red.) görüşürlər”, - Xaçikyan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə yanaşı, Avropa Birliyi və ABŞ da Azərbaycanı öz yanlarında görmək istəyir. Xaçikyan əlavə edib ki, bu durumda Ermənistan öz qayğısına özü qalmalıdır.