1 May 2023 12:28
5 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti Qərbə açıq şəkildə bildirir ki, lazım gələrsə, rusları ölkədən çıxarmağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın kaçmiş baş naziri Qrant Baqratyan deyib.

Siyasətçi Baş nazir Nikol Paşinyanı Qarabağın dağlıq hissəsini tam şəkildə Azərbaycana təhvil verməyə hazırlaşmaqda ittiham edib.

“Nikol Paşinyan Entoni Blinkenlə telefon danışığında Qarabağdakı durumdan və Laçın dəhlizindən danışdı. Amma “status və öz müqəddəratını təyinetmə hüququ”ndan bir kəlmə də danışmadı. Nə baş verir? Tərəflər müxtəlif problemləri həll edirlər. Müharibədə məğlub olan Ermənistan Qarabağı təhvil verir”, - Baqratyan bildirib.

Sabiq baş nazir Paşinyanın bununla müharibə təhlükəsini Ermənistandan uzaqlaşdırmağa çalışdığını iddia edib.

Baqratyan Zəngəzur dəhlizi məsələsinə də toxunub. Sabiq baş nazir xatırladıb ki, Ermənistan hakimiyyəti Zəngəzur üzərindən Azərbaycana menaəsiz yol vəd edib. O, bu vədi səbəbindən indi Nikol Paşinyanın çətin durumda olduğunu söyləyib.

“Hazırda bunun altından çıxmağa çalışır. Çünki Azərbaycan 10 noyabr anlaşması ilə Ermənistanın vəd etdiyi maneəsiz yola cavab olaraq, Laçın dəhlizində iki nöqtədə post qoyub. Eyni zamanda, Sünikdən (Zəngəzur) Naxçıvana ən azı iki yol tələb olunur”, - Baqratyan vurğulayıb.

Sabiq baş nazir Azərbaycanın Laçın yoluna nəzarəti bərpa etdikdən sonra bölgədə Rusiya sülhməramlılarına ehtiyacın qalmadığını deyib:

“Əgər yolda postlar qurulacaqdısa, Rusiya niyə 10 noyabr bəyanatına cəlb olunurdu? Doğrudan da, Rusiya sülhməramlıları sadəcə boş yerə işləyirlər. Qərb ilk növbədə Rusiyanın regiondan qovulmasında maraqlıdır. Paşinyanın imzaladığı sənədlərə görə, ruslar Sünik dəhlizində olmamalıdır. İran Sünik vasitəsilə hər hansı dəhliz və ya yola qarşıdır. Amma buna necə mane olacağı bəlli deyil.

Ermənistan həmçinin Qərbə açıq şəkildə bildirir ki, lazım gəldikdə, rusları ölkədən çıxarmağa hazırdır”.

Sabiq baş nazir Ermənistanın xarici siyasət manevrlərinin olmadığını da iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər