Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında mayın 1-də başlayan Vaşinqton danışıqları davam edir. Müzakirələr daha bir neçə gün gedəcək. Görünən budur ki, tərəflər razılaşmaya yaxındırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Qəzetin yazdığına görə, görüşdə əsasən Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlər (sülh müqaviləsi) müzakirə olunur.
Qarabağla bağlı məsələyə gəldikdə, erməni nəşri ABŞ Dövlət Departamentinin açıqlamasına istinad edib:
“Mümkün sənədin Qarabağa aid olub-olmayacağı ilə bağlı suala cavab verən Dövlət Departamentinin nümayəndəsi konkret təfərrüatlar olmadan bildirib ki, tərəflər hər iki ölkədə etnik azlıqlara münasibətin necə olması məsələsinin də mühüm yer tutduğu əhatəli sazişi müzakirə edirlər. Başqa sözlə, Qarabağ erməniləri etnik azlıqların hüquqları baxımından nəzərdən keçirilir.
Bundan əvvəl də bildirmişdik ki, ABŞ başda olmaqla Qərb Ermənistan hakimiyyətini mayın sonuna qədər Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınacağı sülh müqaviləsinin ilkin variantını imzalamağa məcbur edir. “Etnik azlıq” ifadəsi bu iddianı təsdiqləyir ki, Qarabağın “müstəqilliyindən və öz müqəddəratını təyinetmə hüququ”ndan söhbət gedə bilməz, söhbət Azərbaycanın tərkibində etnik azlığın mövcudluğundan gedir.
Hökumətin deputatı Arman Yeqoyan bildirib ki, İrəvanın Vaşinqton danışıqlarından yüksək gözləntiləri var. Amma o, nədən danışdığını açıqlamayıb. Yeqoyan ətraflı məlumat verə bilməyəcəyini, amma bunun İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsinə dair olduğunu deyib. Yeqoyan qeyd edib ki, bu, sülh sənədidir.
“Bu, son aylarda qarşılıqlı (Azərbaycanla) redaktə etdiyimiz sənəddir. İndi həmin sənədin adı var”, - deputat söyləyib.
Sülh müqaviləsinin adının dəyişdirilib-dəyişdirilmədiyini soruşduqda, Yeqoyan söyləyib ki, suala cavab vermək üçün əsaslı təfərrüatları təqdim etməlidir, bunu edə bilməz”.
“Hraparak” ABŞ-ın Qarabağ məsələsinə yanaşmasının Azərbaycanın maraqlarına uyğun olduğunu və bunun imzalanacaq sənəddə öz əksini tapacağını iddia edir:
“Bəzi məlumata görə, Vaşinqton versiyası, yaxud xarici işlər nazirləri səviyyəsində əldə olunan razılaşma Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınmasını ehtiva edir.
Parlamentdəki müxalifətin deputatı Hayk Mamicanyan isə hesab edir ki, danışıqlar masasında Qarabağ məsələsi Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirilir:
“İkincisi, “Qarabağın öz müqəddəratını təyinetmə hüququ” heç bir yerdə əks olunmur. Ermənistan tərəfi bu məsələyə daha çox insan hüquqları və azadlıqları prinsipindən yanaşır”.
Mamicanyan danışıqların hansı paytaxtda getməsindən asılı olmayaraq, bu durumun dəyişmədiyini və dəyişməyəcəyini bildirib.