3 Yanvar 2015 21:36
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Avropada müşahidə olunan islamofobiya hazırda Almaniyada ən pik nöqtəsindədir. Belə ki, ötən ilin dekabr ayının sonlarında Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq İslam əleyhinə aksiyalara qatıldı. İslam və müsəlmanlar əleyhinə təşkil edilən bu aksiya sayca 10-cu idi və "Pediga" hərəkatı tərəfindən “Avropalı vətənpərvərlər Avropanın islamlaşmasına qarşıdır” şüarı altında keçirilirdi.

Aksiyaçılar Avropada müsəlmanların artmasından narahat olduqlarını və dövlətin miqrasiya siyasətini sərtləşdirməsi tələbi ilə çıxış etdilər. Son illər dünyada yaranan iqtisadi böhrandan ən çox əziyyət çəkən ölkələrin Aİ-yə üzv olan dövlətlər olduğu nəzərə alınsa, bəzi siyasi qüvvələrin islamofobiyadan öz maraqları naminə məharətlə istifadə etdiyini söyləmək olar. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, istər İslam dünyasında, istərsə də Qərbdə artan radikallığın kökündə əksər hallarda iqtisadi amillər dayanır. İslam dünyasından fərqli olaraq, Qərb bu amili gözəl bir şəkildə ört-basdır etməyi bacarır.

ABŞ-da islamofobiya

Ümumiyyətlə, islamofobiyadan danışarkən onun siyasi və ictimai qolunun olduğu unudulur. Bu gün ABŞ-dakı islamofobiya siyasi, Avropadakı islamofobiya isə əsasən ictimai islamofobiyadır. ABŞ-da islamofobiyanın siyasi məqsədlərlə istifadə edilməsinə gəlincə, buna bir çox sübutlar var.

2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar islamofobiyadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdılar. Belə ki, "Zogby Analiz" (JZ Analytics) hesabatına əsasən ABŞ-dakı respublikaçıların 47 faizi müsəlmanları ölkə üçün real təhlükə hesab edir. Hesabata əsasən, demokratların 23 faizi ABŞ-da İslam və müsəlmanları təhlükəli hesab edir.

Ümumilikdə isə ABŞ əhalisinin 48 faizi İslamın ABŞ üçün real təhlükə olduğu, İslamın radikal bir din olduğu, müsəlmanların potensial terrorçu olduğu dünyagörüşünə sahibdirlər. Bu isə demokratik dəyərlər və tolerantlıqla öyünən ABŞ üçün heç də yaxşı göstərici deyil.

Digər tərəfdən, 2011 və 2012-ci illərdə Konqresə müsəlmanların ibadət azadlığını əngəlləyən 78 qanun layihəsi konqresə təqdim olunub və bunlardan 73-ü respublikaçılar tərəfindən təsdiq edilib.

“Gallup” sorğu mərkəzinin 2011-ci ildə apardığı araşdırmaya əsasən, ABŞ-dakı müsəlmanların 48 faizi dini və irqi ayrı-seçkiliyin qurbanıdır.

İslam dünyasındakı münaqişə ocaqları istisna olmaqla, heç bir müsəlman ölkəsində kilsələrə zərər yetirilməyib. Lakin ABŞ-da 2009-cu ildə 13, 2010-cu ildə 53, 2011-ci ildə 22, 2012-ci ildə isə 29 məscidə müxtəlif dərəcədə zərər vurulub.

Avropada islamofobiya

Avropanın bir o qədər də uzaq olmayan keçmişinə nəzər salınsa, Avropa toplumunundin, dil, irq fərqliliyini qəbul etməkdə ciddi problemi olduğunu görmək olar. Dolayısilə, din və irq fərqliliyi Şərqdəkindən fərqli olaraq Avropada birləşdirici deyil, bölücü amil olaraq istifadə edilib.

20-ci əsrin ortalarında Avropada yəhudilərə qarşı münasibət buna bariz nümunədir. Bu gün isə Avropada hər şey daha fərqlidir, dolayısilə, bu gün topluma inteqrasiya edə bilmədiyi bəhanəsi ilə müsəlmanlara qarşı “yadlaşdırma” siyasəti tətbiq edilir. Amma nədənsə Avropa rəsmiləri Avropadakı bütün müsəlmanların immiqrant olmadığına göz yumurlar. Bu gün Avropada müsəlmanlarla bağlı problemlərin ən başlıca səbəbi din amilidir. Din amilinin qabarıq şəkildə gündəmə gətirilməsi isə müsəlmanların sosial, mədəni və hüquqi problemlərini arxa plana keçirir.

Demokratiya, insan haqları, tolerantlıq və sözdə “multikulturalizm” anlayışı ilə maskalanan Avropada din amilinin güclü olduğunu Türkiyə-Aİ münasibətləri fonunda da müşahidə etmək olar. Belə ki, IPSOS şirkətinin Fransanın aparıcı “Le Figaro” qəzeti üçün apardığı araşdırmaya görə, fransızların 56 faizi Türkiyənin sırf müsəlman ölkəsi olduğu üçün Aİ-yə üzv olmasını istəmirlər. Bu isə davamlı olaraq müsəlman dövlətlərini xristianların hüququnu pozmaqda və artan radikallıqda ittiham edən Fransa üçün yaxşı göstərici deyil.

Əldə olan bütün imkanlarla müsəlman dövlətlərini artan radikallıq və xristianların hüquqlarını qorumamaqda ittiham edən Avropada 2012-ci ildən 2014-cü ilin mart ayına qədər 78 məscidə "Molotov kokteyli" atılaraq müxtəlif dərəcədə zərər vurulub. Sadəcə İsveçdə 2014-cü ildə məscidlərə qarşı 12 vandallıq aktı qeydə alınıb.

İslamofobiya - cinayət yoxsa, fikir azadlığı?

Təəssüf ki, bu gün “demokratiya” və “fikir azadlığı” ilə süslənmiş bir çox Avropa ölkələrində və ABŞ-da islamofobiya gündən-günə artır.

Bu isə öz növbəsində, heç şübhəsiz ki, ifadə və fikir azadlığı ilə izah edilir. Təəssüf ki, artan islamofobiyaya demokratiya libası biçmək istəyənlərin göz yumduğu bir məqam var. Bu da hər hansı şəxsin hüququnun digər şəxsin hüququ başladığı anda bitməsidir. Dolayısilə, İslam dünyasının, müsəlmanların və ya hər hansı bir dinin müqəddəs hesab etdiyi meyarlar əsla “söz və ifadə azadlığı”na qurban edilməməlidir.

Bir çox müsəlman dövlətlərinin liderləri islamofobiyanın cinayət hesab edilməsi ilə bağlı çıxış etsələr də, Qərb bu günə qədər islamofobiyanın qarşısını almaq üçün ciddi bir addım atmayıb.

İslamofobiya hər nə qədər fikir və düşüncə azadlığı kimi qələmə verilsə də, heç şübhəsiz ki, radikallığın artmasına xidmət edən başlıca amildir.

Qərbdə islamofobiyanın antisemitizm kimi cinayət hesab ediləcəyi inandırıcı deyil. Məhz buna görə də islamofobiyanın ilk növbədə müsəlman dövlətlərində cinayət hesab edilməsi bir çox problemlərin qarşısını ala bilər. İslamofobiyanın cinayət hesab edilməsi müsəlman dövlətlərində İslam dəyərlərinin "Qərb dəyərləri", "söz və fikir azadlığı" adı altında təhqir olunması ilə arta biləcək radikallığın qarşısında sipər ola bilər.

Təəssüf ki, Qərb İslam aləmini terrorun ixracatçısı kimi qələmə verərkən nədənsə müsəlmanlara qarşı soyqırım siyasəti yürüdən dövlətlərə göz yumur. Bu dövlətlərdən biri də heç şübhəsiz ki, özünü müsəlman dövlətlərinə qarşı "xristian qalxanı" adlandıran Ermənistandır. /trend.az/


Müəllif:

Oxşar xəbərlər