Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 1-14 may tarixlərində ABŞ-da baş tutan danışıqları erməni cəmiyyəti və mediasında qəzəb yaradıb.
Teleqraf.com xəbər verir ki, ermənilər qapalı müzakirələrdə verilən qərarların Azərbaycanın maraqlarına uyğun olmasından və Ermənistan hakimiyyətinin bununla razılaşmasından şübhələnirlər.
“Hraparak” qəzeti yazır ki, Vaşinqton danışıqları məhz bu səbəbdən qapalı keçirilib və yekun nəticələrlə bağlı açıqlama verilməyib. Qəzet Vaşinqtondan gələn mesajların ermənilərin şübhələrini doğruladığını iddia edir.
“Vaşinqton danışıqları erməni cəmiyyəti üçün qapalı qaldı, amma bizə xarici mənbələrdən məlumatlar daxil olur. Eyni zamanda, verilən rəsmi mesajlar və bəyanatlardan ekspert dairələrində belə bir fikir formalaşdırıb ki, Qarabağ məsələsi artıq danışıqlar masasında deyil, Ermənistan hakimiyyəti bunu heç bir istiqamətdən (“status və gələcək müqəddəratını təyin etmə hüququ” baxımından) müzakirə etmir. Dövlət katibi Entoni Blinken açıq mətnlə bəyan etdi ki, tərəflər hər iki ölkədə etnik azlıqlarla necə davranılması məsələsinin mühüm yer tutduğu hərtərəfli sazişi müzakirə ediblər. Başqa sözlə, Qarabağ erməniləri sırf etnik azlıqların hüquqları nöqteyi-nəzərindən nəzərdən keçirilir”, - məqalədə deyilir.
Nəşr Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentin son iclasında dolayı yolla bunu təsdiqlədiyini bildirir.
Politoloq Vladimir Martirosyanın fikrincə, Vaşinqton danışıqlardan əvvəl Qarabağ mövzusu artıq bağlanmışdı, Paşinyan bunu bütün mümkün yollar və eyhamlarla dilə gətirib:
“Milli Məclisdəki çıxışında dedi ki, biz faktiki olaraq bütün imkanları itirmişik. Bu, təkcə daxili auditoriyaya deyil, həm siyasi rəqiblərə, həm də beynəlxalq ictimaiyyətə mesaj idi. Paşinyan danışıqlardan əvvəl onu da bəyan etmişdi ki, nəyin bahasına olur-olsun, istənilən növ sənədi imzalamağa hazırıq. Bu, Paşinyana danışıqlar prosesinə hansı tərəfdən yaxınlaşdığının sübutudur, çünki o, artıq bir çox şeyi, çox şeyi, hətta Qarabağın Azərbaycan ərazisi kimi tanıdığını da etiraf edib. Düşünürəm ki, Ermənistan bir sıra başqa kontekstlərlə, hələ də açıqlanmayan qaranlıq məqamlarla artıq bu tələblərlə razılaşıb və bizim üçün siyasi sürpriz olacaq”.
Martirosyanın sözlərinə görə, Azərbaycan danışıqlar prosesində heç bir halda güzəşt mövqeyi tutmayacaq: “Mövcud durumu bir həftəlik danışıqlarla bağlı verilən bəyanatlar da sübut edir. ABŞ prosesdən öz maraqları naminə istifadə etmək üçün nəyin bahasına olur-olsun sənədin imzalanmasına çalışacaq. ABŞ-ın əsas marağı isə Rusiyanı regionda sıxışdırmaqdır”.
Politoloq Suren Zolyan isə hesab edir ki, ABŞ-ın vasitəçiliyi ilə gedən proses Rusiya ilə əldə edilmiş 10 noyabr anlaşmasını qüvvədən və gündəmdən çıxaracaq. Erməni ekspert Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra status-kvonun tam dəyişdiyini söyləyir.