12 May 2014 13:55
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Medi Sina” klinikasından külli miqdarla təzminat tələb olunacaq”.


Bu sözləri “Axar.az”a açıqlamasında həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı “Medi Sina” klinikasına qarşı açılmış mülki iddianı təmin edən vəkil Aqil Layicov bildirdi.


Vəkilin sözlərin görə, E.Tofiqqızının həkimlərin təqsiri və səhlənkarlığı ucbatından həyatını itirməsi, onun iki azyaşlı uşağının olması məhkəmə prosesinin zərərçəkən tərəfin xeyrinə nəticələnməsi üçün əsas verir:


“Məhkəmənin nəticələrini Baş Prokurorluğa da təqdim edəcəyik. Bu, Elnarə Tofiqqızının cinayət işinin araşdırılmasında mühüm əhəmiyyət daşıyacaq”.


Vəkil A.Layicov məhkəmədə qalib gələcəyi təqdirdə qarşı tərəfdən tələb etdiyi təzminatı hansı formada istifadə ediləcəyindən də danışdı:


“Zərərçəkən tərəf olaraq biz “Medi Sina” klinikasına 700 min AZN-ə yaxın mülki iddia qaldırmışıq. Bu məbləği Elnarə Tofiqqızının çalışdığı yerlərdən aldığı əməkhaqqını, iş fəaliyyətini və mənəvi təzminatı nəzərə alaraq əsaslandırmışıq. Bu vəsaitlə ictimaiyyət nümayəndələri və redaktorların təsisçiliyi ilə Elnarə Tofiqqızı adına yeni Fond yaradılmasını nəzərdə tuturuq. Təzminat davasını udacağımız təqdirdə Fondu təsis edəcəyik və bu vəsaitdən ana və körpələrin müalicəsinə yardım göstəriləcək. Fond yaranarsa, onun daimi fəaliyyət göstərməsini təmin etmək üçün ilkin məsləhətləşmələr də aparmışıq. Bu Fondun ilkin vəsaitinin bank faizi, ianə, qrant layihələrdən gələn gəlirlə uzunmüddətli fəaliyyətini təmin edə biləcəyimizi düşünürük”.


Qeyd edək ki, həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı “Medi Sina” klinikasına və əməliyyatı aparan hər üç həkimə – Hərbi Kliniki Hospitalın onkoloqu mahir Məmmədov, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı Fərəcullah İdrisov və 1 saylı Klinik Xəstəxananın anestezioloqu Firuz İbrahimova qarşı təzminat davası açılıb.


Yasamal Rayon Məhkəməsi işin baxılması üçün 16 may 2014-cü il, saat 10:00-a iclas təyin edib.


Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonundakı “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib.


İş üzrə Nəsimi Rayon Prikurorluğunda həkim məsuliyyətsizliyi və səhlənkarlığı maddəsi ilə cinayıt işi qaldırılıb. Hazırda cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda davam etdirilir.


Müəllif: