Qərb Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı mümkün qədər arxa plana keçirmək üçün əlindən gələni edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Bir neçə gün öncə Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya gedəcəyi məlum olub. Bu gün isə KİV-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu həftə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların baş tutacağı barədə məlumat yayılıb. Vaşinqton müzakirələrindən bir neçə gün sonra Brüsseldə yüksək səviyyəli danışıqların aparılması ən azı o deməkdir ki, Qərb - ABŞ və Avropa Birliyi təşəbbüsü öz əllərində saxlamağa və problemlərin həlli ilə bağlı prosesi sürətləndirməyə çalışırlar”, - məlumatda deyilir.
Qərbin sülh prosesində önə keçməyə çalışdığını iddia edən erməni nəşri Vaşinqton və Brüsselin Nikol Paşinyanın qarşısına tələbləri sərt və quru formada qoyduğunu bildirir. Eyni zamanda, onun Ermənistan-Azərbaycan barışığı kontekstində oyun oynamaq imkanlarını məhdudlaşdırmağa çalışdıqlarını bildirir.
“Brüssel görüşündən sonra - iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Mişel və Paşinyanın, həmçinin Makron və Şolzun iştirakı ilə daha bir görüş hazırlanır, onda deyə bilərik ki, Qərb Rusiyanı mümkün qədər arxa plana keçirmək üçün əlindən gələni edəcək”, - qəzet vurğulayır.