9 May 2023 17:02
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsi dövründə həm Stalin, həm də Hitler din xadimlərinin xalq arasında olan hörmətindən istifadə etməyə çalışıb. Nasistlər əsir götürdükləri müsəlman sovet əsgərlərinin dini ehtiyaclarının qarşılanması üçün gərəkli bütün addımları atıblar. Onlara ibadət azadlığı verilib, dini bayramları qeyd etmələrinə, din xadimlərindən bilgilər almalarına imkan yaradılıb. Qüds müftisi Hacı Əmin əl-Hüseyni də bu məsələdə xüsusi rol oynayıb. Eyni zamanda vaxtilə məscidləri, kilsələri dağıdan, din xadimlərini sürgün edən, öldürən bolşevik rejimi də mollaların nüfuzundan istifadə etməyə başlayıb, Rusiya müsəlmanlarının önəmli mərkəzlərindən olan Ufada prosesə start verilib.

Alman istilasından sonra Kreml tərəfindən Ufa müftisi təyin edilən Əbdürrəhman Rasulaev SSRİ müsəlmanlarını vətənlərini qorumaq üçün ayağa qalxmağa, qırmızı ordunun zəfəri üçün dua etməyə çağırıb.

15 may 1942-ci ildə Ufada toplanan qurultayda müfti almanların Krımda məscidləri dağıtdıqlarını, müqəddəs məkanlara zərər verdiklərini bildirib. 1943-cü ilin oktyabrında Daşkənddəki müsəlman qurultayında da Türküstan bölgəsindəki müsəlmanlara çağırış edilib, 82 yaşlı müfti İhsan Babaxanın rəhbərliyi ilə mənəvi idarəetmə yaradılıb. 1944-cü ildə isə Şimali Qafqazın sünni müsəlmanları üçün Buynaksskda müfti Xızır Gebekovun, Azərbaycanda isə şiələr üçün şeyxülislam Axund Ağa Ağaəlizadənin idarəçiliyində şeyxülislamlıq bərpa edilib.

Din xadimləri xalqı təşkilatlandıraraq bir tərəfdən almanlara qarşı cihadın vacibliyindən, digər tərəfdən sovet idarəçiliyinin müsəlmanlar üçün Allah tərəfindən seçildiyindən danışıblar.

Axund Molla Ağa Ağaəlizadənin bəyanatı

Türkiyənin Rzaiyyə (Urmiya) konsulluğu 8 yanvar 1942-ci ildə Xariciyyə Vəkalətinə belə raport göndərib: “Şura Azərbaycanı ruhani heyətindən Bakıda Şeyxülislam Əlizadə Axund Molla Ağa və qazı Axund Molla Əbdürrəhim və üləmadan Pişnamazzadə Molla imzaları ilə ümummüsəlmanlara xitabən yazılıb Bakıda nəşr edilən və burada paylanılan bəyannamənin türkcəyə çevrilmiş bir nüsxəsi əlavədə təqdim edilmişdir”.

Konsul həm bəyannamənin orijinalını, həm də tərcüməsini göndərib. Həmin tərcümə əsasında azərbaycanlı üç din xadiminin Hitler əleyhinə olan bəyannaməsini müəyyən ixtisarla təqdim edirik:

***
(Girişdə bəsmələ və dua var)

“... Bilümum qardaş müsəlmanlara müraciət olunur.

Müsəlman qardaşlar!

Üç ildir ki, alman faşistləri Avropa və Afrikada yağmacılıq hərbini davam etdirməkdədirlər, gündən-günə çalışırlar ki, siz millətləri də bu qanlı hərbə sürükləsinlər.

Hitler öz qanlı pəncəsi ilə əsrlərdən bəri qurulmuş mədəniyyət aləmini yıxmaqla qane olmayıb, bu müdhiş cəllad cürbəcür vəsilələrlə ruhaniyyət aləminin inkişafına mane olmaqda və bilümum hürriyyətsevər millətlərin mənfəətlərini düşünməyərək kölə etmək istəməkdədir.

Xunxar Hitler və yoldaşı Mussolininin arzusu Ərəbistan və Misiri istila etməklə daima Allah-taalanın məzhəriyyətinə nail olmuş bu müqəddəs və şərəfli torpaqları ayaqları altında əzsinlər.

Məlun Mussolini Misirə aid Liviyada daima yüz minlərlə müsəlmanı işgəncəyə məruz qoyaraq onları mitralyozlarla edam etdirmişdir. Mənfur Mussolini əşqiyalığını o dərəcəyə çıxarmışdı ki, üç il əvvəl xilafət iddiasında bulunmaqda (baxın, bu dinsiz hərif şərəfli İslam dinini necə təhqir edir), yamyam Hitler daima öz əllərini günahsızların qanı ilə yumaqda, müsəlmanları özünə kölə saymaqda idi. Əcəba bu təhqirlər qarşısında sükut etmək mümkündürmü? Hitler və Mussolininin sözlərindən şərəfli islam torpaqlarının istilası sezilməkdə olub, müsəlmanlar da bunların bu qərarlarına qarşı müqəddəs islam dininin şərəf və izzətini qurtarmaq üçün qılınca sarılmaqla müdafiə xüsusunda sükut edə bilərlərmi?..

İntiqam günü yaxınlaşmaqdadır. Hədisi-şərifdə də buyurulduğu kimi hər kim digərinə hücum edərsə, yaxında öz cəzasının mükafatını dadar.

Uca Tanrıdan xunxar Hitlerin məğlubiyyətini, Vətənimizin və bilümum islam ölkələrinin tərəqqi və təalisini diləyər və biz İttihadi-Şurəvi müsəlmanları ilə bilümum islam camaatına müraciət edərək deyirik ki:

Alman faşistləri ilə italyanlara acımayınız, harada görsəniz öldürün. Çünki bu, Allah-taala əzimüşşanın müqəddəs əmrləridir. Hər kim ki Allah-taalanın varlığına inanmışdır, Allah-taalanın mərhəmətinə də nail olacaqdır. Özünüzə qüvvəti-qəlb verərək mücrimlərin dünya üzündə yaymış olduqları bu təhlükəli hərbi məhv edin:

Gəbər Hitler və Mussolini çaqqalları

Gəbər İslam və ümumbəşəriyyət düşmanları.

Bu müqəddəs cihad günündə Allah-taalanın mərhəməti bizimlədir.

Azərbaycan Şurəvi ruhaniləri tərəfindən:

Şeyxülislam Əlizadə Xoca Molla Ağa

Bakı şəhərinin qazısı Xoca Əbdürrəhim

Azərbaycan Şurəvi alimlərindən Pişnamazadə Xoca Fərəcullah

***

Axund Ağa Ağaəlizadə kimdir?

Qafqaz Müsəlmanları idarəsinin rəsmi saytında verilən məlumata görə, Şeyxülislam Axund Ağa Ağaəlizadənin əsl adı Zeynalabidindir. Ali ruhanilik təhsilini başa vurub vətəninə qayıtdıqdan sonra xalq arasında ona Molla Ağa Axund deyiblər. O, 1871-ci ildə Bakının Pirşağı kəndində, tanınmış ruhani Axund Molla Cavadın ailəsində dünyaya göz açıb. Axund Molla Cavad dörd oğlunun dördünü də ruhani, üləma kimi görmək istəyirdi. Bu məqsədlə o, Bakı şəhərinə köçüb, keçmiş Aşağı Priyutski küçəsində (sonralar Kamo adlanan, hal-hazırda S.Rəhimov) özünə üç mərtəbəli bina tikdirib.

Qardaşlarından dərin zəkası ilə fərqlənən Zeynalabidini atası mollaxanaya qoyub. Mədrəsə təhsilini başa vurduqdan sonra o, ali ruhani təhsil almaqdan ötrü Ərəbistana gedib və Bağdad əyalətinin Nəcəfül-Əşrəf şəhərində təhsilini davam etdirib. Yaxın Şərqdə yerləşən ali ruhani ocaqlarının müdavimləri ali ruhanilik rütbəsi almaqla bərabər, xüsusi bir ixtisasa da malik olurdular.

Zeynalabidin də ali ruhani olmaqla bərabər təbabət elmini seçib. 1896-cı ildə təhsilini başa vuran Zeynalabidin “Axund” rütbəsi ilə Bakı şəhərinə qayıdıb. Qafqazın (Zaqafqaziya) şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin və Bakı qazisinin vəkaləti ilə onu Təzə Pir məscidinə axund təyin ediblər. Molla Ağa Axund 1899-cu ildən 1927-ci ilə kimi müxtəlif ruhani vəzifələrə seçki yolu ilə seçilib.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra Azərbaycan hökumətinin qarşısında belə bir məsələ durur: Tiflis şəhərində yerləşən Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi təsis olunmalıdır.

Beləliklə, 1918-ci ilin əvvəlində Ruhani İdarəsi Bakıya köçürüldü və Axund Molla Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa yeganə namizəd oldu. O, eyni zamanda Məvarayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri idi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinə qarşı hücumlar başlandı. Ağa Axund da hücum və təqiblərə məruz qaldı. Müharibə illərində (1941-1945) əvvəllər ləğv edilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi SSRİ ALİ Soveti Rəyasət Həyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə 24 ildən sonra yenidən bərpa edildi. 1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının 1-ci qurultayı oldu. Qurultayda Axund Ağa Ağaəlizadə ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçildi.

Qurultayda Axund Ağa Ağaəlizadəyə yenidən şeyxülislam dini rütbəsi verildi. İdarə sədri ata-baba mülkündə (indiki Süleyman Rəhimov küçəsindəki 70 saylı binada) yerləşdirildi. O, həmin vəzifəni ömrünün sonuna - 1954-cü ilə kimi icra edib. Qurultayda Axund Ağanın “Zaqafqaziya müsəlman ruhaniləri və dindarları namizədləri qurultayının müsəlmanlara müraciətnaməsi” (Azərnəşr, 1944) kitabçası da nəşr edilib.

Yuxarıdakı bəyanatda adı keçən Fərəcullah Pişnamazzadə məşhur Pişnamazzadə ailəsindəndir, Şəkidə fəaliyyət göstərib. 1920-ci ildə Nəriman Nərimanovun onu repressiyaya məruz qalmaqdan xilas edə bilib.

(Bu tarixi bəyanat barədə bizi məlumatlandıran Kiprdə yaşayan tarixçi Elnur Ağayevə təşəkkür edirəm).


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər