“Bakı və İrəvan arasında Vaşinqton müzakirələrindən sonra başlayan danışıqların fəal mərhələsinin şahidiyik. Sabah Brüssel, mayın 19-da Moskva, iyunun 1-də Kişinyov görüşü gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin nizamlanması ilə bağlı iki yol var: Rusiya və Qərb.
Badalyan iddia edir ki, Azərbaycan və Ermənistan Qərb variantı ilə bağlı razılığa gəlsə, Rusiya yeni faktlarla üz-üzə qalacaq. Yəni Qərb variantı qəbul edilir, Rusiya da siyasətini buna uyğunlaşdırır.
“Bu, Rusiya tərəfinin qəbul etmək istəmədiyi siyasətdir. Vaşinqton danışıqları ilə bağlı heç bir açıq sənəd dərc edilməsə də, bunun belə bir prinsipi var: Qarabağ Azərbaycanın tərkibində qalır, ermənilərə heç bir xüsusi (beynəlxalq) təhlükəsizlik zəmanəti verilmir, eləcə də rus qoşunları çıxarılır. Əlbəttə, Ermənistan hakimiyyəti Rusiya yox, Qərb versiyası ilə razılaşır”, - Badalyan bildirib.
Erməni politoloq ABŞ, yaxud Qərb variantının Zəngəzur dəhlizinin Azərbaycana verilməsini də nəzərdə tutduğunu iddia edir.