Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Araqat rayonunda (Türkiyə ilə sərhəddə) şagirdlərlə görüşüb.
Teleqraf.com xəbər verir ki, baş nazir görüşündə uşaqlarla coğrafiya haqda söhbət edib.
“Coğrafiyanı bilmək çox vacibdir, mən bunu çox sevirəm. Bu, çox vacibdir. Məsələn, Ermənistanın ən hündür dağının hansı olduğunu bilirsinizmi?”, - Paşinyan uşaqlara bu barədə sual verib.
Uşaqların əvvəlcə “Ararat” (Ağrı dağı nəzərdə tutulur – red.) deməsi Paşinyanı təəccübləndirib. Bundan sonra erməni uşaqlar səhvlərini (bilərəkdən edilən) düzəldərək, “Araqat” deyiblər.
Ermənistan baş naziri sözünə davam edib:
“Biz vətən və dövlət anlayışları arasında seçim etməliyik. Mənim konkret fikrim budur ki, bu seçim dövlətin xeyrinə olmalıdır. Çünki dövlətin xeyrinə seçim etməsək, həmişə uduzacağıq. Mənə görə, bizim ən yüksək dağımız Araqatdır. Bütün problemlərimiz Araqatla Ararat arasındadır”.
Qeyd edək ki, Paşinyanın Araqat sözünə vurğu qoyması Ermənistanın ən yüksək dağının öz adıyla çağırılmasına tərəfdar olduğu anlamına gəlir. Yəni Ermənistanın ən yüksək zirvəsinin ermənilərin "Ararat" adlandırdığı Ağrı dağı yox, Araqat olduğuna işarə edir. Bununla yanaşı, "vətən" dedikdə həmin ərazilərə gizli-açıq iddialarına da eyham vurur.
Ermənistan Türkiyənin Şərqi Anadolu bölgəsinə, eləcə də bu ərazilərdə yerləşən Ağrı vilayətinə separatçı iddialar irəli sürür. Bu səbəbdən sözügedən tarixi türk ərazilərində yerləşən Ağrı dağını da "həm erməniləşdirib, həm də müqəddəsləşdiriblər".