Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak ediblər.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, Rusiya dövlətinin başçısı tədbirə videobağlantı vasitəsilə qoşulub.
Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikintini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.
Sazişi Rusiya nəqliyyat naziri Vitali Savolyov və İranın yol və şəhərsalma naziri Məhrdad Bəzrpaş imzalayıb. Mərasimdə Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak da iştirak edib.
Mərasimdə çıxış edən Putin bildirib ki, Rusiya, Azərbaycan və İran arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.
“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - Rusiya lideri bildirib.
Rəşt-Astara dəmir yolunun uzunluğu 170 km olacaq. TASS-a görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrininin birləşdirilməsi Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Güman edilir ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran)-Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.