“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Akop Aslanyan “Hraparak”a müsahibəsində deyib.
“86.6 min kvadratkilometr əraziyə malik Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq demək deyilmi” sualına deputat qaçaq cavab verib:
“Bu sual məni təəccübləndirdi. Birinci məsələni həll etməyincə, ikincisi həll olunmayacaq. Birincisi odur ki, bəli, hər iki tərəf, mümkünsə, bir-birinin ərazi bütövlüyünü tanısın, ondan sonra biz o problemi sona qədər aparacağıq”.
Azərbaycana qarşı separatçı iddia ilə çıxış edən Aslanyan bir gün Qarabağın da Kosovo kimi “müstəqil” olacağı cəfəngiyyatına inanır. Onun iddiasına görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü o səbəbdən tanıyıb ki, “Qarabağın müstəqilliyi” uğrunda mübarizəsini davam etdirə bilsin.
“Beynəlxalq ictimaiyyətin tələbi ondan ibarətdir ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll oluna bilməz”, - Aslanyan əlavə edib.
Özünü dolaşığa salan erməni deputat belə bir qəribə fikir də səsləndirib: “Biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırıq, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.
Jurnalist bundan sonra nə dediyini özü də bilməyən Aslanyana “Qarabağı daxil olduğu ərazi ilə tanıyırsınız” sualını ünvanlayıb. O isə əvvəlki “nağıl”ı təkrarlayıb: “Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma beynəlxalq ictimaiyyət bilir və anlayır ki, həmin xalqın (Qarabağ ermənilərini nəzərdə tutur – red.) “öz müqəddəratını təyinetmə hüququ” bərqərar olmalıdır”.
Aslanyanın Qarabağı Kosovo ilə müqayisə cəhdi də uğursuz alınıb. Jurnalist ona cavabında bildirib ki, Kosovonun Qarabağla oxşarlığı azdır, NATO və Avropa Birliyi Kosovonun arxasında dayanıb. Qarabağ məsələsində isə belə bir fakt yoxdur – Qərb Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
Aslanyan Ermənistan-Azərbaycan münasibətlərinin Avropa Birliyinin vasitəçiliyi ilə tənzimləndiyini, Rusiyanın buna heç bir töhfə vermədiyini də söyləyib:
“Rusiya məsələnin həlli ilə bağlı öz təklifini verdi, Avropa, ABŞ, Azərbaycan, Türkiyə də başqasını təklif etdi. İndi biz çalışırıq ki, hamını çıxaraq, yalnız Avropanın vasitəçiliyi ilə məsələni həll edək. Məncə, ən düzü budur. Çünki 30 ildə Rusiyanın vasitəçiliyi ilə heç bir iş görülməyib”.
Azərbaycanın mövcud sərhədlər daxilində ərazi bütövlüyünün tanınması, həm də o deməkdir ki, Ermənistandakı anklavlar geri qaytarılmalı olacaq. Aslanyan bu suala da qaçaq cavab verib: “Mən heç nə deyə bilmərəm, anklavları qaytaracaqlar, ya yox”.
Hakim partiyanın üzvünün dedikləri ermənilərə təsəlliyə bənzəyir. Artıq iş-işdən keçib, ərazi bütövlüyümüz tanınıb və Baş nazir Nikol Paşinyan da bunu sənəd üzərində rəsmiləşdirməyə hazırlaşır. Bu durumda da onlar narazı cəmiyyətlərinə “nəsə” deməlidirlər. Bu “nəsə” də “köhnə nağıllar”dan başqa bir şey deyil.