24 May 2023 16:28
20 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Ermənistanın baş nazirinin bəyanatını onun 2022-ci il oktyabrın 7-də Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyi prezidentlərinin iştirakı ilə Praqa sammitində qəbul etdiyi mövqenin təsdiqi kimi qiymətləndirir ki, bu da 1991-ci il tarixli Almatı Bəyannaməsinə əsaslanır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova xatırladıb ki, ötən il Praqada keçmiş SSRİ respublikalarının inzibati sərhədlərinin dövlətlərarası sərhədlər kimi tanınması haqqında Almatı Bəyannaməsinə istinad edən birgə bəyanat qəbul edilib.

“Dəfələrlə dediyimiz kimi, Praqa sazişi Bakı ilə İrəvan arasında danışıqlar prosesinə keyfiyyətcə yeni çərçivə gətirib”, - Rusiya rəsmisi söyləyib.

Zaxarova qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub. O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir.

“Bu, sadəcə mövzu və sual deyil, uzun illərin münaqişəsidir. Beynəlxalq strukturlar və regional ölkələr tərəfindən göstərilən vasitəçilik səyləri var. Əlbəttə, imzalanmış sənədləri tanıda bilmək üçün dövlətin bununla bağlı aydın mövqeyini anlamaq lazımdır”, - Rusiya rəsmisi bildirib.

O vurğulayıb ki, dövlətin siyasəti ilə bağlı bu cür bəyanatlar Ermənistan və onun xalqına aiddir.

Ermənistan baş naziri bundan əvvəl Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu