“Liderlərin Moskva görüşündən nəticə çıxmadı. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin tərəfindən Avrasiya İqtisadi Birliyinin Moskva toplantısına dəvətliydi. Ümumi toplantıdan sonra Vladimir Putin, İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılmışdı. Ancaq birliyin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan Əliyevin çıxında səsləndirdiyi “dəhliz” ifadəsinə etiraz edib:
“Paşinyanın məntiqinə görə, guya “Zəngəruz dəhlizi” ifadəsi Azərbaycanın Ermənistana ərazi iddiasını göstərir, “Laçın dəhlizi” isə nəzarətdə olmamalıdır. İlham Əliyev də cavabında dedi ki, Zəngəzur dəhlizi nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.
Paşinyan Moskvaya gəlməzdən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Önəmli olan budursa, Paşinyan niyə Moskvada İlham Əliyevin “dəhliz” sözünə belə reaksiya verib? Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Çünki radikallar Paşinyanı onda ittiham edəcəkdilər ki, niyə İlham Əliyevin çıxındakı tezislərə reaksiya verməyib. Ancaq Paşinyanın İlham Əliyevlə polemikası birincinin xeyrinə olmadı. Çünki Avrasiya İqtisadi Birliyi liderlərini “dəhliz” ifadəsi narahat etmirdi, onlar üçün önəmli olan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmasıdır.
Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü cəmi 20 dəqiqə çəkdi. Çünki bəlli oldu ki, liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır deyillər. Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər, bir müddət sonra üç ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər”.
Elxan Şahinoğlu bildirib ki, bu məsələdə razılıq olsa da, Ermənistan öz ərazisində dəmir yolunu bərpa etməyə tələsmir, Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir:
“Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmir yolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Halbuki bu məsələdə İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçilyi ilə əldə etmişdi. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur.
Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid edir. Avropa Siyasi Şurasının Moldovanın paytaxtında keçiriləcək toplantısı çərçivəsində İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz da iştirak edəcək.
Paşinyanın Rusiyaya inamı yoxdur, Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkan və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”.