Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması İran tərəfindən narazılıqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bunu İranda fəaliyyət göstərən “Hay Dat” Komitəsinin sədri İsak Yunanesyan deyib.
“Fars mediası və qeyri-hökumət ekspertləri bu addımı (Ermənistan baş nazirinin bəyanatını) sərt tənqid edirlər. Bir çox analitiklər bunun Ermənistanın intiharı olduğunu deyirlər. Xüsusən də anklavlar məsələsi ilə bağlı. Onların fikrincə, anklavların təhvil verilməsi (Azərbaycana) İran-Ermənistan dövlətlərarası yolunu təhlükə altında qoyacaq”, - komitə rəhbəri bildirib.
Yunanesyan iranlı ekspertlərin Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi olaraq tanınmasına da etiraz etdiklərini söyləyib.
Paşinyanın KTMT-dən çıxması ilə bağlı açıqlamasına İranın təpkisinə gəlincə, Yunanesyan vurğulayıb:
“Sadəcə Ermənistan hakimiyyətinin Qərbin əmrlərini yerinə yetirdiyinə dair eyhamlar var və KTMT-dən çıxışı da o çərçivədə görürlər. Rəsmi dairələrdən belə bir açıqlama görməmişəm. Amma aşağı dairələr vasitəsilə öz sözlərini çatdırmağa çalışırlar”.