30 May 2023 13:43
3 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır. “Qanun layihəsini təqdim edən Anar Məmmədova diqqətlə qulaq asdım. O, dəyişikliyi yeni iş yerlərinin açılacağlı ilə əsaslandırdı.

Teleqraf.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Tutaq ki, bu addım Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək məqsədi ilə atılır və.s. Amma əvvəlcə ayırd etmək lazımdır ki, Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır. Yəni buna avtomobil istehsalı demək üçün ən azı ehtiyat hissələrinin heç olmasa 30 faizi bu ölkədə istehsal olunmalıdır. Yoxsa, avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır və bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və açıq söyləyirəm, böyük pullar qazanılır. Bu qanunun əslində əsaslandırılması belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazandırmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal onsuz da, ildən-ilə artır. Tutaq ki, soyuducu, kondisioner, yaxud digər sənaye məhsullarının istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab eləmirəm.

Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə, belə güzəştlər nəzərdə tutularsa, bu başadüşülən olar. İstəyərdim ki, biz Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də mən, vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatında istehsal olunan avtomobil və traktor və mexanizmlər istehsal edən bir mərkəzə çevirmək olar. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Amma biz Neftçalada İranla birlikdə bir müəssisə açdıq. O vaxt da mən söylədim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır.

Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər və qısa bir müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur. Bəlkə də daha doğru olardı, Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi bu sahədə araşdırma aparsın, ikinci oxunuşda məlumat versin ki, ümumiyyətlə Azərbaycanda sənaye məhsulları istehsal edən, yeni-yəni qanun qüvvəyə minəndən sonra yaradılan bütün müəssisələr, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə tutaq ki, vergilərdən azad olunsunlar", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, bu investisiya cəlbinə töhfə vermiş olar və insanlar da vəsaitlərini də xaricə çıxarmaz, ölkəyə yatırarlar: "Xarici investorlar da Azərbaycana gələrlər. Ona görə də hesab edirəm ki, avtomobilin ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bunlar böyük pullar qazanırlar. Bizim də hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var. Ona görə də mən, bunu doğru hesab eləmirəm".


Müəllif: Tapdıq Qurbanlı