“Avropa Şurasının prezidenti Şarl Mişel də Qarabağ münaqişəsini dəfn etdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr bu gün Kişinyovda Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz arasında görüşün keçiriləcəyini xatırladıb:
“Şolz və Makronun görüşə qatılmasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində əsas vasitəçinin Şarl Mişelin təmsil etdiyi Avropa Birliyi olduğu bəllidir. Təsadüfi deyil ki, bugünkü görüşdən başqa, yaxın vaxtlarda Brüsseldə Əliyev, Paşinyan və Mişel arasında daha bir yeni görüş planlaşdırılır.
Görüşlərdə durumun necə olduğunu bunlardan əvvəl vasitəçilərin verdikləri bəyanatlarda görmək olar. Təsadüfi deyil ki, Kişinyov görüşü ərəfəsində Şarl Mişel Ermənistan və Azərbaycanın bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətini alqışladı. Onun sözlərinə görə, Bakı ilə keçmiş Dağlıq Qarabağ regionunda yaşayan ermənilər arasında sonuncunun hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq həlledici önəmə malikdir. Buna uyğun olaraq da cəsarətli qərarlar qəbul etməyə çağırıb.
Əslində, Şarl Mişel Qarabağ münaqişəsinin dəfn edildiyi planı gizlətmir”.
“Past” iddia edir ki, bu baxımdan Mişelin bəyanatında yer verilən “keçmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər” ifadəsi təsadüfən səsləndirilməyib.
Kişinyovda keçiriləcək görüş ərəfəsində AB diplomatiyasının rəhbəri Jozef Borrelin sözçüsü Piter Stano da bildirdi ki, AB Paşinyanın mayın 22-də Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı cəsarətli bəyanatını alqışlayır. Erməni nəşri artıq hər şeyin bəlli olduğunu və razılaşdırılmış planın icra mərhələsinin başladığını yazır.
Qəzet prosesin Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi rəsmən tanınmasına doğru getdiyini və bu məsələnin nöqtəsinin qoyulduğunu iddia edir.