3 İyun 2023 14:22
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan liderləri arasında Kişinyovda keçirilən görüş (beştərəfli) 2022-ci ilin oktyabrında Praqada başlayan böyük prosesin tərkib hissəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Paşinyan ötən ilin oktyabrın 6-dan həllə bağlı Qərb platformasını seçdi. Orada ondan Qarabağın Azərbaycanın tərkibində qalmasını qəbul etməyi və bunun əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağı tələb etdilər. Paşinyan bununla razılaşıb. Azərbaycan prezidenti 10 noyabr anlaşmasına yenidən baxıldığını bildirdi, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb”, - ekspert bildirib.

Bozoyan iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin 10 noyabr anlaşmasını bərpa etməyə çalışsa da, buna nail ola bilmir. O, artıq Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra durumun dəyişdiyini söyləyib. Bozoyan “Laçın dəhlizi”nin Azərbaycanın nəzarətinə keçməsinin isə prosesdə geridönməz vəziyyət yaratdığını diqqətə çatdırıb.

“Əgər Ermənistan başçısı faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılaşırsa, ruslar ermənilərdən daha çox erməni ola bilməz. Artıq rusların formal olaraq vasitəçi olduğu bəllidir”, - ekspert qeyd edib.

Bozoyanın fikrincə, Qarabağın Azərbaycanın tərkibində qalacağı rəsmən təsdiqlənərsə, orada yaşayan ermənilərin böyük əksəriyyəti Qarabağda qalmayacaq.

“Yeri gəlmişkən, Qərb Paşinyandan təkcə Qarabağı təhvil verməyi yox, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb Türkiyə və Azərbaycanın təsir dairəsinə salmağı tələb edir. İkinci tələb regionda Azərbaycan-Türkiyə faktorunu gücləndirmək məqsədi daşıyır ki, Qərb İran və Rusiyanın təsirinə ciddi müqavimət göstərə bilsin. Bu durumda Paşinyan Ermənistanın varlığına zəmanəti Türkiyə və Azərbaycandan almaq istəyir. “Ermənistanın kadastr sənədi yoxdur” deyəndə, məhz bunu nəzərdə tutur”, - Bozoyan əlavə edib.

Ekspert onu da qeyd edib ki, Ermənistanda Rusiya və İranın təsirini aradan qaldırdıqdan sonra ikinci mərhələdə bunu həll etməyə çalışacaqlar: “İndi elə bir mərhələdəyik ki, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamalı, buna Qərb və Türkiyə zəmanət verməlidir”.

Bozoyan bildirib ki, Paşinyan Bakı və Ankaradan zəmanət ala bilsə, Rusiya öz hərbi bazalarını Ermənistandan çıxarmalı olacaq. İddiasında bir az da irəli gedən erməni politoloq qeyd edib ki, rusların çıxmasından sonra Türkiyə ordusu Ermənistan ərazisində yerləşəcək və İranla sərhədi (Zəngəzuru) tam nəzarətə götürəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər