3 İyun 2023 17:21
6 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidəki separatçı rejimə təslim olmaq tələbi təsadüfi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Qrant Mikayelyanın açıqlamasında deyilir.

Onun sözlərinə görə, sülh müqaviləsindən əvvəl Azərbaycan və Ermənistan arasında bir çox açıqlanmayan anlaşmalar əldə edilib: “Sülh müqaviləsindən əvvəl bir çox şeylər imzalanıb və ya imzalanmayıb, deyə bilmərəm, amma qəbul edilib”.

Sülh müqaviləsinin imzalanmasına gəlincə, ekspert hesab edir ki, Baş nazir Nikol Paşinyanın addımlarını proqnozlaşdırmaq çətindir.

Prezident Əliyevin separatçılarla bağlı açıqlamasını təsadüfi hesab etməyən Mikaelyan qeyd edib ki, bu, Azərbaycan liderinin özünə inamının göstəricisidir. O, bu məsələ (separatçı rejimin ləğvi və Azərbaycana təslim olması) ilə bağlı anlaşmanın olduğunu iddia edib.

“Əlbəttə, razılaşma var”, - Mikaelyan vurğulayıb və əlavə edib ki, Əliyevin açıqlamasından dərhal sonra ona ABŞ-dan dəstəyin gəlməsi də bundan xəbər verir.

“ABŞ Əliyev və Azərbaycanı açıq şəkildə dəstəkləyir. Qarabağ məsələsi artıq onlar üçün məqbul şəkildə həll olunub, bunu artıq açıq şəkildə deyirlər”, - politoloq bildirib.

Mikaelyan anlaşmaların icra mərhələsində Azərbaycanın Ermənistandakı anklavlarının (Qazaxın 7, Naxçıvanın 1 kəndi) da qaytarılacağını proqnozlaşdırır.

Erməni politoloq Azərbaycanla ölkəsi arasında yeni müharibənin ola biləcəyini də iddia edib: “Müharibə ehtimalı çox yüksəkdir və bu ehtimal günbəgün artır. Ermənistan isə heç nə etmir və Ermənistanda silahlı qüvvələrin təkmilləşməsi və ya güclənməsi ilə bağlı deyilənlər yalandır”.

Mikaelyan əlavə edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusu 44 günlük müharibədən sonra bir dəqiqə də dayanmayıb, aktiv təlimlər keçirir, yeni silahlar alır və yeni hərbi bölmələr yaradır, sərhəd və digər istiqamətlərdə mövqelərini gücləndirir. O, Azərbaycan Silahlı Qüvvələrinin bir çox istiqamətlər üzrə ciddi hərbi infrastruktur qurduğunu da söyləyib.

Ekspert qeyd edib ki, sülh müqaviləsi imzalanandan sonra azərbaycanlılar Ermənistana (Qərbi Azərbaycan) qayıdacaqlar:

“Sülh müqaviləsində ərazi məsələlərindən əlavə, Ermənistanın tərksilah edilməsi ilə bağlı məqamlar da yer alacaq. Bundan başqa, Ermənistanda azərbaycanlı-türk icmaları formalaşdırılacaq”.

Mikaelyan sözügedən icmaların təhlükəsizliyinin hərbçilər və polis tərəfindən təmin olunacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu