3 İyun 2023 15:51
5 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı politoloq Puya Hüseyni Ermənistanın “Hraparak” qəzetinə Azərbaycana qarşı skandal və təxribatçı ifadələrlə, etiraflarla dolu müsahibə verib.

Teleqraf.com xəbər verir ki, ekspert müsahibədə İranın Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən məmunun olmadığını etiraf edir.

Müsahibə ərzində hədsizlik və sayğısızlığını əksik etməyən molla görün nə deyir:

“İran Qarabağ münaqişəsinin başlanğıcından həmişə bəyan edib ki, münaqişə dialoq yolu ilə həll edilməli, Qarabağın erməni xalqının təhlükəsizliyi qorunmalıdır. Amma bəzi rəsmi və qeyri-rəsmi açıqlamaların əksinə olaraq, İranın əhəmiyyətli hissəsi Qarabağdakı mövcud vəziyyətdən razı deyil”.

Hüseyni açıq şəkildə Azərbaycanın öz ərazilərini azad etməsini “İran üçün potensial təhlükə” adlandırır və Tehrandakı rejimin “Azərbaycan bu ərazilərə sionistlər və terrorçular gətirib” sayıqlamasını da dəstəkləyir:

“İkinci Qarabağ Müharibəsindən sonra həmin ərazilər sionistlərlə (İsrail) dolub, ora terrorçular gətirilib. Onların mövcudluğu regionun təhlükəsizliyinə təhlükə yaradır, İranın milli təhlükəsizliyinə təhlükə yaradır, İran üçün potensial təhlükə hesab olunur”.

Molla öz sayğısızlığında bir az da irəli gedərək, Azərbaycan ərazilərinin işğalda qalmasının İranın maraqlarına uyğun olduğunu bu sözlərlə etiraf edir:

“Qarabağın İranla sərhəd rayonları ermənilərin nəzarətində olduğu dövrdə İran bu bölgədə tam təhlükəsizliyə və dinc sərhədlərə malik idi. Son 30 il ərzində bu regionda həmişə tam təhlükəsizlik olub”.

Həmin 30 illik işğal və Birinci Qarabağ Müharibəsi dövründə İranın işğalçı Ermənistan və separatçılar üçün nələr etdiyi kimsəyə sirr deyil. İranın İkinci Qarabağ Müharibəsində Ermənistana silah daşıyan Rusiyaya yol verməsi, az sonra isə özünün də ermənilərin silah təchizatçısına çevrilməsi də uzaq tarixin mövzuları deyil. Ərazilərimizi azad etməyimizdən qeyzlənən mollaların sınıq-salxaq tanklarla Azərbaycan sərhədləri yaxınlığında təlim keçirmələrini də kimsə unutmur. Tehrandakı səfirliyimizə terror hücumu və bir soydaşımızın orada şəhid edilməsi, birinin isə yaralanması bu nifrətin pik həddi idi. Ermənistanı "İranın qırmızı xətti" adlandıranlar da onlardır. Faktlar çoxdur, sadalamaqla bitəsi mövzu deyil.


Müəllif: Mənsur Rəğbətoğlu