Tahir Rzayev: “Bu hadisə Amerikada baş versəydi, Leyla Yunus yerindəcə güllələnərdi”
Milli Məclisin deputatı Tahir Rzayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) yürütdüyü siyasəti sərt tənqid edən məqalə ilə çıxış edib. O qeyd edib ki, dünyanın super dövləti sayılan və özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının carçısı adlandıran ABŞ-ın dövlət siyasətində ədalət və demokratiya əslində şüarçılıqdan, başqa ölkələrə təsir vasitəsindən başqa bir şey deyil. Onun fikrincə, son illər bu ölkənin rəhbərlərinin, siyasi dairələrinin, ictimai təşkilatlarının antidemokratik, qeyri humanist əməlləri, göstərişləri nəticəsində məhv olmuş yüz minlərlə insanın, viranə qalmış minlərlə yaşayış məntəqələrinin acı taleyi bunu deməyə əsas verir: “İraq dövlətinin vəziyyəti bir nümunədir. Bu ölkə demək olar ki, parçalanıb, dağılıb, vətəndaşları dilənçi, qaçqın-köçkün vəziyyətindədir. Hər gün neçə-neçə insan terrorun qurbanı olur. Qanunlar, qərarlar işləmir. Dövlət orqanları iflic olub. İraqa nüvə silahı axtarışı üçün girən, demokratiyanı bərpa etmək, insan hüquqlarını qorumaq adı altında bu ölkənin ərazilərini zəbt edən ABŞ-ın silahlı qüvvələri burada nüvə silahı tapa bildilərmi, demokratik şərait yaratdılarmı? Səddam Hüseyni milyonların gözü qarşısında asanlar onun dövründə olduğundan yaxşı vəziyyət yaradıb İraq xalqının rahatlığını, azadlığını təmin etdilərmi? Əlbəttə yox! İndi İraq tamamilə viranə qalıb, ayrı-ayrı silahlı qruplaşmaların, terrorçuların təsiri altındadır. İnsan hüquqlarının qorunmasından danışmağa belə dəyməz. Demokratiya sözü iraqlılara yaddır”.
“Obamanın haqq-ədalətdən danışmağa haqqı yoxdur”
T.Rzayev bildirib ki, hər an ölkələrə, xalqlara demokratiyadan, insan hüquqlarının qorunmasından uzun-uzadı dərs deyən, günah sahibi bir jurnalistin, hüquq müdafiəçisinin saxlanılıb sorğu edilməsini böyük bir hadisə, insanların təqib edilməsi, incidilməsi, kobud hüquqpozması kimi qələmə verib bəyanatlar yayan Amerikanın sözü keçən dairələri, dövlət departamenti öz daxillərində baş verən vəhşilikləri, qətlləri, kütləvi etirazları, insanların incidilməsini, öldürülməsini görməməzliyə vurur, nədənsə bu barədə danışmırlar:
“Amerika polisi küçədə öz vətəndaşını insanların gözü qarşısında zor tətbiq edərək boğub öldürür, uşağı güllələyir, başqa bir qara dərilinin qanını tökür, həbsxanalarda həbsxana işçiləri məhbusların başına min bir oyun açır, hətta onları cinsi zorakılığa məruz qoyurlar, jurnalistlər təhqir və təqib olunur, gizli yolla informasiyalar əldə edilir, ancaq bütün bunlara lazımi əhəmiyyət verilmir. Amerika Prezidenti cənab Barak Obama özü etiraf edir ki, ölkədə irqi ayrı seçkilik dərin kök salıb və bunun aradan qaldırılması uzun zaman tələb edəcəkdir. O, məhbusların başına gətirilən ağlasığmaz dəhşətləri də xatırladır, günlərlə davam edən mitinqlərdə döyülən, əzilən, saxlanılan insanlara müəyyən münasibət bildirir, ancaq bunu insan hüquqlarının pozulması kimi şərh etmir, kəsərli tədbirlər görmür, irqi ayrıseçkiliyin aradan qaldırılması yollarını göstərmir, qara dərililəri qətlə yetirənlərə seyrçi münasibət göstərir. Öz ölkəsində irqi ayrı seçkiliyi aradan qaldıra bilməyən, insan hüquqlarının pozulmasının qarşısını almağa qadir olmayan bir dövlət başçısının, onun rəsmilərinin başqa ölkələrə demokratiya dərsi keçməyə, haqq-ədalətdən danışmağa, yol göstərməyə mənəvi haqqı yoxdur”.
“Leyla Yunus insanların gözü qarşısında polisi təhqir edir”
Millət vəkili söyləyib ki, Amerika rəsmiləri Azərbaycanda dövlətə xəyanətdə iştirakı araşdırılan bir hüquq müdafiəçisinin, ölümə təhrikə və təqibə görə saxlanılan jurnalistin, yaxud vətəndaş cəmiyyəti təmsilçisinin müdafəsinə qalxmazdan əvvəl dönüb öz ölkələrində baş verən qanunsuzluqlara baxsınlar, öz eyiblərini aradan qaldırıb sonra başqalarına irad tutsunlar:
“Baxın, küçədə polisə oyuncaq silah tuşlayan uşaq güllələnir və yaxud qara dərili gənc polisin əmrinə gec tabe olduğuna görə boğulub öldürülür. Bu, Amerikada sanki təbii sayılır və elə bil ki, qara dərili vətəndaşın öldürülməsi insan hüquqlarının pozulması hesab edilmir. Çünki beynəlxalq aləm susur. Ancaq Azərbaycanda vətənə xəyanət edən və uzun müddət xalqın mənəviyyatına toxunaraq yalan məlumatlar yayan, araqarışdıran bir hüquq müdafiəçisi Leyla Yunus insanların gözü qarşısında polisi təhqir edir, onun papağını başından alıb ayaqlar altına atır və dövlətin ünvanına iftiralar yağdırır, yenə azərbaycanlı polis zabiti dözümlülük və humanistlik nümayiş etdirir, daim insan hüquqlarından danışıb, lakin özgələrin hüquqlarına hörmətsizlik edən bir insanın qadınlığını nəzərə alıb ona zor tətbiq etməkdən çəkinir, xuliqanı intizama dəvət edir. Bu hadisə Amerikada baş versəydi sözsüz ki, Leyla Yunus yerindəcə güllələnərdi”.
Nərgiz