“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha doğma vətəninə, türk dünyasının tacı olan Azərbaycana gəlib. Onun hər gəlişi ölkəmizə böyük sevinc gətirir, gücümüzə güc qatır, niyyətlərimizi stimullaşdırır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu, tamamilə fərqli səfərdir:
"Böyük güclərin üzərində möhtəşəm qələbə qazanan Ərdoğan yeni güclə Türkiyə xalqının və türk dünyasının iradəsinə söykənərək bəşəriyyətə daha əhəmiyyətli töhfələr verəcək. Etiraf edim ki, Ərdoğanın qələbəsi tək Türkiyə xalqının deyil, eləcə də türk dünyasının və regionda sülhü və əmin-amanlığı dəstəkləyən hər bir bəşəri dəyərlərin özünə ifadə edən insanın qələbəsi kimi dəyərləndirilməlidir".
Deputat Elman Nəsirov isə deyib ki, dövlətlərarası münasibətlərə ən yaxşı nümunə Türkiyə-Azərbaycan əməkdaşlığıdır:
“Bu il Türkiyədə baş verən əsrin faciəsinin - zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan Türkiyəyə dəstək oldu. Kahramanmaraşda Azərbaycan Prezidenti 1000 evin tikintisini öz üzərinə götürüb. Ərdoğanın növbəti dəfə prezident seçiləndən sonra Azərbaycana səfər etməsi regionda davamlı sülhün əldə edilməsinə gətirib çıxaracaq. Bu səfər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından da etimad mühitini formalaşdıra bilər”.