ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistandakı vətəndaşlarını bu ölkənin bəzi sərhədyanı rayonlarına, eləcə də Qarabağa səfərdən çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
ABŞ vətəndaşları üçün nəzərdə tutulan məlumatda deyilir:
“Ermənistanda yay səyahəti mövsümü ilə əlaqədar ABŞ-ın İrəvandakı səfirliyi ABŞ vətəndaşlarına xatırladır ki, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar ABŞ səfirliyinin əməkdaşları və onların ailə üzvlərinin bu istiqamətlərə qeyri-vacib səfərləri qadağandır”.
Səyahət qadağası tətbiq edilən ərazilərə Ermənistanın sərhədyanı bölgələri (xüsusilə Zəngəzur və Göyçə) ilə yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonu da daxildir.
Səfirlik ABŞ vətəndaşlarını Azərbaycan və Ermənistan arasındakı sərhədlərə qarşı ehtiyatlı olmağa da çağırıb.
“ABŞ hökuməti Qarabağ və ətrafında ABŞ vətəndaşlarına təcili xidmət göstərə bilməz, çünki giriş qadağandır”, - məlumatda qeyd olunub.