Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri dünya mediasında əks-səda doğurub.
Teleqraf.com xəbər verir ki, Fransa mətbuatı Türkiyə liderinin səfərinə geniş yer ayırıb.
AFP agentliyi səfəri “Ərdoğan qardaş ölkə Azərbaycanı salamladı” başlığı ilə oxucularına təqdim edib. Eyni zamanda, məlumatda Türkiyə prezidentinin bu sözləri yer alıb: “Türkiyə və Azərbaycan iki qardaş ölkədir. İki dövlət, bir millət olaraq bu nöqtəyə qədər birlikdə addımlamışıq. Bundan sonra da qətiyyətlə yolumuza davam edəcəyik”.
İordaniyanın “Jordan Times” qəzeti Ərdoğanın seçki qələbəsindən bəhs edərək onun Azərbaycan Prezidenti İlham Əliyevlə fotosunu dərc edib.
Kipr məsələsinə toxunan qəzet bildirib: “Ərdoğan Şimali Kiprin tanınmasını istəyir”.
Səfəri işıqlandıranlar arasında ABŞ-ın “Washington Times” qəzeti də var. Məqalədə Şuşanın 2020-ci ildə erməni silahlı birləşmələrindən azad edildiyi vurğulanıb.
Yunanıstan mediası da Azərbaycan səfərinə diqqət çəkən nəşrlər arasındadır. “Kathimerini” qəzeti Ərdoğanın “İki dövlət, bir millətik və bu dəyişməyəcək. Bu yolda qətiyyətlə davam edəcəyik” sözlərinə yer verib.
Yunanıstanın digər qəzeti “Capital” da Azərbaycanı gündəmdə saxlayıb. Bu qəzet də Ərdoğanın “iki dövlət, bir millət” açıqlamasında diqqət çəkib.
Səfərin ən çox Ermənistan mediasında müzakirə olunur. Mövzu hələ Türkiyə lideri Azərbaycana gəlməmişdən əvvəl erməni mediasının gündəminə bomba kimi düşüb. Xüsusən də erməniləri ən çox İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı mesajları düşündürür.
Bütün xarici media qurumlarının ən çox yer verdikləri mövzu isə Prezident Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunu açılması ilə bağlı açıqlamasıdır.