12 May 2014 18:07
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçında doğulub, Bərdədə yaşayıb. Hazırda Bakıda yaşayır. Ailəlidir, üç övladı var. Rejissor ixtisasına yiyələnib, amma aktrisa kimi filmlərə çəkilir. Geniş tamaşaçı kütləsinə “Məhkumlar” serialındakı Tünzalə obrazı ilə tanışdır. Səmimə Səlimovadır Teleqraf.com-un əməkdaşı Nərmin Muradovanın müsahibi. Suallarımıza səmimi cavab verən Səmimə çox mətləblərdən danışdı, hətta çəkildiyi açıq-saçıq səhnələrdən də...
- Bildiyimizə görə sizin ixtisasınız rejissorluqdur. Nəyə görə aktrisalıq edirsiniz?

- Əslində hədəfim rejissor olmaqdır. Mədəniyyət və İncəsənət Universitetini bitirəndən sonra bu sənətlə məşğul ola bilmədim, uzun ara verdim. Hətta 13 il jurnalist də işləmişəm. Sənətdən uzaq düşdüyümə görə düşündüm ki, aktrisalıqla yenidən sənətə qayıda bilərəm. Bir də ki, mükəmməl rejissor gərək aktyorluğun bütün sirlərini, incəliklərini bilsin. Əvvəl –axır rejissor olacam.

-Öncə bilmək istərdim ki, niyə sənətdən uzaqlaşdınız?

-Universiteti 1995-ci ildə bitirdim. O vaxt bütün sahələrdə eləcə də kino, teatrda durğunluq dövrü idi. Təsəvvür edin ki, teatr və kinonun ancaq adı var idi. Mənimlə eyni dövrdə bitirənlərin əksəriyyəti sənətdən ayrıldı. Məsələn, Azər Axşam, Nicat Kazımov, Rafael İsgəndərov, Çoşqun Rəhimov, Tünzalə ƏIiyeva, Dilarə Əliyeva, Pərviz Məmmədrzayev hamısı sənətə bir müddət ara verməli oldular. Mən ilkin dövrlərdə AzTV və ANS- də ixtisasımla əlaqədar işlədim. Amma maaş azlığına görə, televiziyadan da ayrıldım.

-Heç kimə sirr deyil ki, yenidən bu sənətə qayıdış köməksiz, yardımsız mümkün deyil. Sirr deyilsə, sizə kim yaxud kimlər kömək etdi?

-“Azərbaycanfilm” kinostudiyasında ulu öndər Heydər Əliyev haqda film çəkilirdi. Filmin kastinqlərində iştirak etdim. Daha doğrusu, bu işdə mənə Ramiz Əzizbəyli çox yardımçı oldu. Kastinqlərdən keçdim, amma sonra film dayandı. Elə o kastinqlərdəki fotoları görənlər məni seriallara dəvət etdilər.
-Özünüzü efirdən bəyənirsiniz?
-Özümü efirdə sevmirəm, bəyənmirəm. Çünki hər addımımda yalnışımı tuturam. Bu bəzən məni çox yorur. Bəzən rolumla bağlı nələrsə edirəm, sonra rejissor deyir ki, nə yaxşı ki, etdin, mən elə sənə bunu deyəcəkdim. Mən ən ağır kadrları bir-iki dubla çəkilirəm.

-Dediniz rejissor olacaqsınız. Necə film çəkmək istəyirsiniz?

-Tarixi film çəkmək istəyirəm. Elə bir film olsun ki, ictimaiyyət ondan yararlansın. İndikilər ailə-məişət mövzusunda çəkilir, çox primitivlik var. Bəlkə maliyyə baxımındandır, bilmirəm. Bilirsiniz, əziyyət çəkirlər, amma bundan da yaxşı çəkə bilərlər. Maliyyə cəhətdən nasazlığımız var. Güclü operatorlar, işıq ustaları çoxlu pul istəyirlər. Seriala ayrılan pul da ona bəs etmir.

-Aldığınız qonorarın məbləğindən razısınız?

-İnandırım sizi, bu, aktyorların ən yaralı yeridir. Necə olur ki, müğənni məclisə gəlir, 30 dəqiqə fonoqrama oxuyur, yalançı mimiklərlə tamaşaçını aldadır, amma onun cibinə külli-miqdarda pul qoyurlar. Sağlıqlarına qismət, adamı yandıran o pul deyil. İnsanların saxta hislərlə real hisləri ayırd etməməkləri adamı yandırır. Aktyor isə səhnəyə çıxır, ürəyini, hislərini göstərir, oynadığı rolu əməlli-başlı yaşayır, əvəzində qəpik-quruş alır. Azərbaycanda aktyorları çox alçaldırlar. Təsəvvür edin ki, bizdə günü 30-40-50 manata çəkilişə gedən aktyorlar var.

-Bəs sizin qonorarın məbləği nə qədərdir?

-Mən o qiymətə getmirəm, kim çağırırsa, konkret qiymətimi deyirəm. Əslində, o əziyyətin qabağında mənim dediyim qiymət də azdır. Sadəcə, bazara uyğun qiymət deyirəm, yəni, ən aşağısı günü 100-200 manat. İndi rejissorlar da bicləşiblər. Bir aktyorun bir neçə seriyalıq epizodlarını bir günə çəkir. Elə olub ki, bir gündə 19 epizoda çəkilmişəm. Həmin günü həm ağlamışam, həm də gülmüşəm. Rejissorlar başa düşmürlər ki, bu aktyordur, bir gündə onu bu qədər yükləmək olmaz.

- Seriallarda çəkilirsiniz, heç sizə açıq-saçıq səhnələrdə oynamaq təklifi gəlib?

-“Space” telekanalında “Tək olanda qorxma” serialına təklif almışam. Orda ərinə xəyanət edən rus qızını canlandırıram. O rolla bağlı açıq-saçıq səhnə var. Hətta birinə çəkilmişəm, sadəcə intim səhnə deyil. Rejissor dedi ki, növbəti seriyada daha açıq səhnə olacaq. Bilirsiniz, mən çox açıq səhnədə çəkilmərəm. Birincisi, açıq səhnəyə Azərbaycanda ehtiyac yoxdur. Tamaşaçı o qədər arifdir ki, bir işarədən də hər şeyi başa düşür. Əgər reytinq xatirinə bunu edirlərsə, sənət baxımından bunu düzgün hesab etmirəm. Filmə, tamaşaya, serialara açıq səhnə ilə reytinq gətirmək düzgün fikir deyil.

-Rejissorun təklifinə nə cavab vermişiniz? Razılaşmısınız?

-Mənə fikirləşməyə vaxt verdilər. Rolumla bağlı olan o səhnə bir neçə seriyanın aparıcı qüvvəsidir. Hadisələr o səhnələr üzərində cərəyan etməlidir. Hələ ki, fikirləşirəm, amma çox açıq səhnədə çəkilməyəcəm. Maksimum çəkildiyim açıq səhnələrim gecə köynəyindədir.

-Ailəli olduğunuza görə bu qədər tərəddüd edirsiniz?

-Mən ailəliyəm, üç övladım var. Amma yoldaşım bilir ki, mən yalnış addım atmaram. Bu baxımdan sərbəstəm, amma yenə deyirəm bundan heç istifadə etmərəm. Yoldaşım sənət baxımından məni çox dəstəkləyir.

-Yoldaşınız da laçınlıdır?

-Yoldaşım bakılıdır. Bir-birimizin tamam əksiyik. Onların adət-ənənəsi ilə bizim adət -ənənələr uyğun gəlmir. Bakılılar qonağı sevmirlər, amma mən istəyirəm evimdə həmişə qonaq olsun.

-Sevib ailə qurmusunuz?

-Qardaşımın dostu olub, sonra ailəvi dost olmuşuq. O məni məndən çox sevib. Artıq o da laçınlı olub.

-Rollarınızı necə qarşılayır?

-O qətiyyən incəsənət adamı deyil. Heç filmlərə baxmır. Mən şeir yazanda istəyirəm ki, onu birinci sevdiyim insanlara oxuyub. Gəlirəm yanına, şeiri oxuyuram, o da deyir “hə nə olsun?”.

-Laçında doğulmusunuz. Qarşıdan yenə Laçını itirdiyimiz o faciəvi gün gəlir. Laçın yaddaşınızda necə qalıb?

-Laçın mənim yaralı yerimdir. Laçında doğulsam da, 1973-cü ildən Bərdə rayonunda yaşamışam. Amma hər il qış, yay tətillərini Laçında keçirirdim. Mən dünyanın əksər şəhərlərini, Azərbaycanın rayonları gəzmişəm, amma Laçına oxşar yer tapmamışam. Mən hələ də nərgizgülünə, novruzgülünə həsrətəm. Siz Laçında bitən o gülləri görsəydiniz...İnşallah, Allah qismət eləsin yenə gedək Laçına...Bir də ki, mən çox milliyyətçiyəm, azərbaycanlıyam, türkəm. Bu gün müharibə olsa üç uşağa baxmaram, cəbhəyə yollanaram.

Nərmin Muradova


Müəllif: