Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyinə ithaf
1960-cı ildə Ankarada çıxan “Mücahit” dərgisində polkovnik Vəli bəy Yadigarın uzaq Argentinadan göndərdiyi “Milli Azərbaycan ordusu” adlı məqaləsi çap olunub. Cümhuriyyət ordusunda Baş leytenant olan Vəli bəy işğaldan sonra mühacirətə gedib, Polşa ordusunda xidmət edib. 40 illik qürbət həyatından sonra jurnala göndərdiyi bu yazısında Azərbaycan Milli Ordusunda xidmət edən zabitlər və onların vəzifə yerləri haqqında geniş bilgi verib.
Məqaləsinin girişində Vəli bəy yazırdı: “Dünyanın hər tərəfində çox sayda azərbaycanlı zabitlər yaşamaqdadır. Fəqət təəssüf ki, onlardan heç biri öz xatirələrini yazmamışdır. Bilindiyi kimi hərb tarixi xalqın tarixidir! Bu sözləri unutmaq bizim üçün böyük günahdır. Azərbaycan istiqlal hərbini (1917-1918), Bakının geri alınmasını (sentyabr, 1918), Lənkəran-Talış səfərini, Samur çayı müdafiəsini, Xankəndini (Novruz bayramı gecəsi), Dığ səfərini, Əsgəran süngü müharibəsini, Tərtər üsyanını, Gəncə üsyanını, Qarabağ üsyanını, partizan hərblərini (1922-1957), İkinci Dünya müharibəsində Azərbaycan legionlarını, bizim cocukların igidliyini, axıtdıqları mübarək qanlarını necə unuda bilərik?”
Məqaləsinin sonunda Vəli bəy Cümhuriyyət ordusu ilə bağlı maraqlı bir anı da bölüşüb: “1920-ci ilin fevral ayında Bakıda ilk dəfə olaraq Azərbaycan hərb nişanının verilməsinə qərar verilmişdi: İgid nişanı. Bu nişana layiq görülənlər arasında Hərbiyyə naziri Səməd paşa Mehmandarlı, köməkçisi Əli ağa Şıxlı və üç zabit vardı. Birisi piyada, ikincisi topçu, üçüncüsü süvari. İgid nişanının verilməsi, təəssüf ki mümkün olmadı”.
Vəli bəy bu jurnalda “40 illik köləlik nizamı” adlı iki hissəli xatirələrini də qələmə alıb. Bu xatirələrdə işğaldan sonrakı Qarabağ, Gəncə üsyanlarından bəhs edilib.
Borçalıdan Polşaya
Vəli bəy Yadigar 1898-ci il oktyabrın 31-də Borçalının Təkəli kəndində zadəgan ailəsində doğulub. İlk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlayıb. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilib, məşhur Brusilov hücumunda iştirak edib.Cümhuriyyət dövründə Şəki süvari alayında Baş leytenant rütbəsi ilə xidmət edib. 1920-ci ildə bir çox hərbçilərlə birlikdə Türkiyəyə, oradan Polşaya mühacirətə gedib, polyak ordusunda xidmətə qəbul olunub. Vəli bəy Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi, 10-cu əlahiddə atıcılıq diviziyasının komandiri olub. Belə ki, 1921-ci ilin mart ayında Polşaya gələn gənc hərbçi müqavilə ilə polyak ordusu sıralarına daxil olub. Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini birdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilib. Polyak qızıyla evlənib, polyak dilini öyrənib. Polşaya hücum etmiş almanlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müdafiə kampaniyasında iştirak edib, Mazovetsk süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Müharibədən sonra Argentinaya mühacirət edib.
Argentinada yaşayan Vəli bəy mühacirlərin qurduğu Azərbaycan Milli Qurtuluş Birliyinin Buenos-Ayresdəki təmsilçisi olub. Onun katibi Cümhuriyyət zabitlərindən Musa Yusifzadə olub. Bu təşkilatın elan etdiyi bəyannaməsində əsas məqsədi bu şəkildə ifadə olunub: “Mövcud bütün imkanlardan faydalanaraq Azərbaycanı qırmızı rus imperializminin pəncəsindən qurtarmaq, yenidən müstəqil, milli bir cümhuriyyət şəklinə gətirmək”.
“Son damla qanımızadək...”
Vəli bəy uzaq qitədə yaşasa da, Türkiyədə fəaliyyət göstərən mühacirlərlə əlaqədə olub. 1954-cü ildə Məhəmmədəmin Rəsulzadənin 70 illik yubileyi ilə bağlı ona məktub göndərib.
“Hörmətli, Məhəmmədəmin Rəsulzadə!
Əziz və möhtərəm ustadımız!
Argentinadakı “Qafqaz Birliyi”nə mənsub azərbaycanlılar 70-ci doğum ildönümüz münasibətilə sizi səmimiyyətlə təbrik edərkən bütün həyatınız boyunca istiqlalı uğrunda çalışdığınız əziz vətənimiz Azərbaycana tez qovuşmanızı ürəkdən arzulayır və şəxsinizə uzun ömür və səadət diləyirlər.
Dünyanın ən gözəl ölkələrindən birini təşkil edən Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrar azərbaycanlılara aid olduğunu şəxsən elan etmənizi görmək istəyərik.
İmperialist Rusiyanın əsarəti altında olan Azərbaycanın və bütün Qafqazın çox yaxın bir zamanda düşmən istilasından qurtulmasını və vətən səmalarına təkrar üç rəngli bayrağımızı ucaltma fürsətini Uca Tanrıdan istirham edəriz.
Biz Azərbaycan əsgərləri Vətənimiz Azərbaycanın və Qafqazın hürriyyəti və istiqlalı uğrunda apardığınız müqəddəs savaşa son damla qanımıza qədər dəstək olacağımıza sizə söz veririk, möhtərəm Əmin bəy.
Argentinadakı azərbaycanlılar adına
Vəli Yadigar
Musa Yusifzadə”
Bir il sonra M.Rəsulzadənin vəfatı münasibətilə “Azərbaycan” jurnalında bu başsağlığı dərc olunub:
““Azərbaycan” dərgisi müdirliyinə.
Böyük istiqlal mücahidi Məhəmmədəmin Rəsulzadənin ölüm xəbəri hər yerdə olduğu kimi bu qürbət elində yaşayan bizləri də ağlatdı. 71 illik həyatının 50 ilini türk dünyası və bilxassə Azərbaycan istiqlal mübarizəsi yolunda sərf edən bu böyük öndərin aramızdan ayrılışı, aparmaqda olduğumuz istiqlal mübarizəmizə böyük bir zərbə endirmişdir. Azərbaycan istiqlal mübarizəsi tarixində ən şərəfli bir yer tutacaq olan Əmin bəyin nam və əsərləri gələcək nəsillərimiz üçün işıq vəzifəsini yerinə yetirəcəkdir.
Bu böyük ölünün önündə hörmətlə baş əyərkən, onun apardığı istiqlal mübarizəsinə davam edəcəyimizə and içirik. Ulu Tanrıdan ona rəhmətlər diləyirik.
Sabiq Azərbaycan zabitlərindən
Vəli Yadigar və Musa Yusifzadə
Təyyarə yüksək mühəndisi Hüseyin Azərqan
Argentina”
Qeyd edək ki, Rəsulzadənin vəfatı ilə bağlı Buenos-Ayresdə ukraynalı mühacirlərin çıxardığı “Ukrainske slovo” qəzetinin 22 iyun 1955-ci il tarixli sayında “Tanınmış qafqazlı siyasət adamının vəfatı” başlıqlı xəbər dərc edilib. Mətndə Rəsulzadənin fəaliyyəti ilə bağlı məlumat verilib: “Rəsulzadənin ölümü ilə təkcə azərbaycanlılar deyil, bütün Qafqaz millətləri tanınmış, seçilmiş böyük Qafqaz istiqlal mücahidini itirmişdir. Ukrayna milləti onun şəxsində əziz və böyük dostunu qeyb etmişdir”. Qəzetdə çıxan bu materiala görə Argentinada yaşayan Cümhuriyyət zabitlərimizdən Vəli bəy Yadigar təşəkkür məktubu ünvanlayıb. Qəzetin 26 iyun 1955-ci il nüsxəsində çap olunan, Vəli bəyin də həyat və fəaliyyəti baxımından önəmli olan məktubun mətni bu şəkildədir:
“Hörmətli baş mühərrir!
“Ukrainske slovo” qəzetinin 22 iyun tarixli nüsxəsində “Tanınmış qafqazlı bir siyasət adamının vəfatı” başlığı ilə Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadəyə təxsis edilən bir yazı dərc edilmişdir. Qafqazlı keçmiş mühariblərin Argentinadakı sədri, həmçinin mərhum Məhəmmədəmin Rəsulzadənin Güney Amerikadakı nümayəndəsi sifətilə istər qəzet idarəxanasına, istərsə də şəxsinizə dərin təşəkkür etməyi özümə borc bilirəm. Azərbaycan xalqının böyük öndəri və Qafqaz İstiqlal Komitəsinin sədri olmuş Məhəmmədəmin Rəsulzadə Ukrayna millətinin böyük dostu olub istər ağ, istərsə də qırmızı Moskva hakimiyyətinin Ukrayna torpaqlarından tamamilə təsfiyyə edilməsinə hərarətlə tərəfdardı. Onun şəxsində Moskva işğalı altında olan rus məhkumu bütün millətlər müştərək hürriyyətləri uğrundakı mücadilənin ən böyük mücahidlərindən birini itirmişdir. Cənabi Haqq Azərbaycan və Ukraynadan öz lütf və mərhəmətlərini əsirgəməsin. Ali hörmətimin qəbulu ricası ilə Vəli Sadıqoğlu”.
Vəli bəy 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Onun ölümü ilə bağlı Türkiyədə Nihal Atsızın çap etdiyi “Ötüken” jurnalında nekroloq dərc olunub:
“Bütün ömrü boyunca vətəni Azərbaycanın istiqlalı uğrunda rus imperialistlərinə qarşı savaşmış albay Vəli bəy Yadigar 13.12.1971-də Argentinada, Buenos-Ayresdə Tanrının rəhmətinə qovuşmuşdur. Bu ölüm Argentinadakı bütün milliyyətçi və dost çevrələrdə böyük üzüntü yaratmışdır. Öz Vətəninin istiqlalı uğrunda qardaş Türk ordusu ilə birlikdə imperialist rus ordusuna qarşı vuruşduqdan sonra hər şeydən qiymətli hesab etdiyi Vətənini qeyb edərək Polşaya sığınmış, Polşa ordusunda albaylıq rütbəsinə qədər yüksəlmişdir. Bütün həyatı boyunca heç bir vaxt milli mücadiləsindən vaz keçməmişdir. İkinci Dünya müharibəsindən sonra Argentinaya gələn Vəli bəy Yadigar burada da ömrünü yurdu üçün fikir mücadiləsi ilə keçirmişdir. Tanrıdan rəhmət diləyirik”.
Türkiyə mətbuatına bu xəbəri Musa Yusifzadə verib. “Ötüken” dərgisində onun da başsağlığı mətni dərc olunub: “Argentinadakı azərbaycanlılar və Dünya Turan Mərkəzi Komitəsi Vəli bəyin qızı Züleyxa xanıma böyük kədərini paylaşdığımızı bildirir, başsağlığı veririk”.
Əbədi mənzil
1990-cı ilin avqustun 4-də Vəli bəyin vəsiyyətinə uyğun olaraq cənazəsi Polşaya gətirilib, orada müsəlman qaydası ilə dəfn edilib. Dəfn fəxri qarovulun müşayiəti ilə hərbçi şöhrəti qaydaları ilə keçirilib. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salıblar. Yaylım atəşi açılıb, orkestr Şopenin dəfn marşını çalıb. Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra edib. Dəfn mərasimində qızı Züleyxa xanım Yadigar-Kalinovskaya da iştirak edib.