“ABŞ Ermənistan-Azərbaycan danışıqlar prosesinin nəticələrini görməkdə qərarlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqlar iyunun 29-dək davam edəcək. Görünən budur ki, amerikalılar danışıqlar prosesinin nəticələrini görməkdə qərarlıdırlar. Onları anlamaq olar. Amerikalılar yeni Kemp Devid və ya Dayton istəyirlər. Əlbəttə, bu, hərfi mənada deyil. Biz və Ermənistan İsrail və Misir deyilik, keçmiş Yuqoslaviya heç deyilik.
Vaşinqtonun postsovet məkanında mübahisələrin həlli üçün uğurlu cəhdlərə ehtiyacı var”, - ekspert bildirib.
İlqar Vəlizadənin fikrincə, ABŞ uğurlu nəticəyə nail olmaq üçün eyni anda Rusiya və Çinə qarşı təsiredici gedişlər etməlidir:
“Bunu hamımız başa düşürük, amma keyfiyyətli nəticələrə ehtiyacımız var. Bu isə elə bir sülh müqaviləsi və ya mətn deməkdir ki, bu, ərazilərimizə qarşı bütün və müxtəlif erməni iddiaları üzərindən yekun xətt çəkə bilsin. Əlbəttə, bu, etnik ermənilərlə danışıqlarda “xüsusi mexanizmlər”, vasitəçilər və digər “xüsusi təminatlar” olmadan baş verməlidir. Bir sözlə, Qarabağ erməniləri mövzusunu beynəlmiləlləşdirmədən.
Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında baş verən son hadisələr göstərir ki, erməni tərəfi nə vaxt reallıqların əksinə getsə, biz birtərəfli addımlarla yerdəki vəziyyəti dəyişəcəyik və danışıqlarda payı daha da artıracağıq. Bu durumda nəyisə dəyişməyə İrəvanın nə gücü, nə də siyasi imkanı var.
Amerikanın vasitəçiliyinə gəlincə, əgər yeni Kemp Devid istəyirlərsə, olsun, məncə, bu, bizim üçün çox vacibdir. Əsas odur ki, müqavilə statistik hesabat xatirinə deyil, yüksək keyfiyyətdə olsun”.