1 İyul 2023 13:23
5 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı və İrəvan arasında sülh müqaviləsinin yekun mətni razılaşdırılıb, yaxın aylarda açıqlanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

“Aparılan danışıqlar Azərbaycanın tələblərinin qablaşdırılması və Ermənistan ictimaiyyətinə təqdim edilməsi prosesindən başqa bir şey deyil. Sadəcə görüşüb bunları necə təqdim etməyi müzakirə edirlər ki, təkcə erməni ictimaiyyəti yox, buna qarşı çıxan regional dövlətlər, xüsusən də Rusiya və İrandan müqavimət olmasın”, - ekspert bildirib.

Şahnazaryan yekun anlaşmanın əldə olunduğunu iddia edir. Onun sözlərinə görə, indi bunun hansı formada təqdim edilməsi üzrə danışıqlar aparılır.

Qarabağ və Zəngəzur dəhlizinin real gündəliyi ilə bağlı razılığın olub-olmadığı haqda erməni politoloq belə söyləyib:

“Bunlarla bağlı məsələlərin həyata keçirilməsi (Ermənistan tərəfindən) məcburiyyəti var. Paşinyan şifahi olaraq Qarabağın Azərbaycan olduğunu bəyan edib, indi bunu yazılı şəkildə sənədləşdirmək lazımdır. Ermənistan XİN deyir ki, bəzi məsələlərdə razılığa gəlmişik, amma filan məsələlərdə razılığa gəlməmişik. Mən ABŞ-ın vasitəçiliyi ilə nəyin həll olunduğu barədə təxminlər söyləmək istəmirəm, amma əminəm ki, Azərbaycanın qarşıya qoyduğu konseptual problemlər artıq öz həllini tapıb”.

Şahnazaryan həm Ermənistan daxilində, həm də geosiyasi baxımdan əlverişli ab-hava olduğunda – yaxın aylarda yekun anlaşmanın açıqlanacağını istisna etmir. Onun sözlərinə görə, belə bir əlverişli vəziyyət artıq yaranıb: Ermənistan cəmiyyəti Paşinyana müqavimətə hazır deyil, həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan üçün bölgədəki durum maraqlara uyğundur, hamının diqqəti və əsas səyləri Ukraynadakı münaqişəyə yönəlib və bu, Qafqaz məsələlərini arxa plana keçirməyə imkan verir.

Şahnazaryan vurğulayıb ki, Qarabağla yanaşı, Zəngəzur dəhlizi məsələsi də Azərbaycan üçün həlli vacib məsələlərdən biridir. Onun fikrincə, bu dəhlizin açılması bölgədə Azərbaycan faktorunu və Türkiyə-Azərbaycan müttəfiqliyini daha da gücləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər