5 İyul 2023 21:39
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Zənnimcə, Abdullahiyanı Bakıya gətirən səbəb təkcə bu deyil, o, həm də iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan problemlərə görə təşrif buyurub”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Azərbaycanla əlaqələri korlayan İran indi bunu düzəltməyə çalışır:

“İran əlaqələri normallaşdırmağa çalışırmış kimi görünür, amma üzərinə düşəni etmir. İlk növbədə, molla rejimi Azərbaycan əlaqələrin normallaşması üçün Zəngəzur" dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməli, səfirliyimizə terror hücumu ilə bağlı obyektiv araşdırma aparmalı, bunu törədənlər cəzalandırılmalıdır. Əlbəttə, səfirliyə hücumun arxasında Tehran rejiminin özü dayanır, buna görə də məsələyə aydınlıq gətirməyəcək, yayınacaq.

Tehran Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən də geri çəkilmək niyyətində deyil. Ona görə də yaxın gələcəkdə münasibətlərin normallaşması gözlənilmir. Üstəgəl, İranın Azərbaycana qarşı hibrid və informasiya müharibəsi aparır.

İran xarici işlər nazirinin səfəri zahirdə müəyyən yumşalma əlamətləri göstərə bilər, amma dini rejim, xüsusən də SEPAH Azərbaycana qarşı düşmən mövqeyindən geri çəkilməyəcək. Bu siyasət bu günün məsələsi deyil, əsrlərdir belədir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, İran-Azərbaycan əlaqələrinin normallaşması Bakıdan yox, Tehrandan aslıdır:

“Tehrandakı rejim bütün informasiya resurslarından istifadə edərək, problemlərin Bakıdan qaynaqlandığını göstərməyə çalışır. Abdullahiyanı Bakıya göndərən rejim səmimi deyil. Azərbaycana qarşı hikkəsini Qafanda konsulluq açmaqla nümayiş etdirən bir rejim nə qədər səmimi ola bilər? Buna görə də Abdullahiyanın səfərinin nələrisə dəyişəcəyini düşünmürəm. İran öz münasibətini dəyişməyənə qədər heç nə dəyişməyəcək.

Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etsə də, molla rejiminin mahiyyəti olduğu kimi qalacaq. Ona görə də, səfirliyin fəaliyyətinin bərpası üçün tələsmək lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər