“Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması tapşırığının Kremldən gəldiyini ehtimal etmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rus hərbçilərinin Laçındakı körpüdə (Həkəri çayı) ucaldılmış Azərbaycan bayrağını dirəklə bir yerdə qopardaraq aşırmaları, Kremlin ölkəmizə qarşı növbəti təxribatıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən gün bunu demişdi: “Moskva Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”.
Verdikləri “reaksiya” bayraq dirəyimizin sökülməsi oldu. Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması tapşırığının Kremldən gəldiyini ehtimal etmək olar. Rusiya bayraq dirəyimizi sökməklə dövlət simvolumuza hörmətsizlik etməklə yanaşı, Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq hüququna qarşı da çıxmış oldu. Rusiya Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsinə mane olmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu təxribata bəyanatla cavab verməli, Rusiyanın ölkəmizdəki səfiri XİN-ə çağrılaraq ona etiraz bildirilməlidir”, - ekspert vurğulayıb.