10 İyul 2023 17:06
3 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Mamed” və “Məmməd” adları qadağan edilməsi ilə bağlı yazı mediayla yanaşı sosial medianın da geniş müzakirəsinə səbəb olub.

Yayılan xəbərə görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Sayalı Sadıqova deyib ki, sözügedən adlar Məhəmməd adının növləridir. Ona görə də Komissiya bu adların istifadəsini yersiz hesab edib. Artıq bununla bağlı “Asan Xidmət” şöbələrinə müvafiq tapşırıqların verildiyi də qeyd olunub.

Terminologiya Komissiyasının sədri Sayalı Sadıqova məsələni təkzib etsə də, müzakirələr aktuallığını qoruyub.

İlahiyyatçı Elşad Miri sözügedən qadağaya bir yeni ad əlavə edərək münasibət bildirib. O deyir ki, “Məhəmməd” adını da yersiz qəbul edək. Çünki “Məhəmməd” adının əsli “Muhəmməd”dir.

Fikirlərini Teleqraf.com-a bildirən Elşad Miri deyir ki, öz adını özü seçməyib:

“Adımı heç atamgil də qoymayıb, babam qoyub. Nə atamgil buna etiraz edib, nə də mənim etiraz etməyə gücüm olub. Adı ad edən insanın özüdür. Məsələn, bu gün kiməsə “Qəhrəman” adı qoysaq, o qəhrəmanmı olur? Bəlkə də sabah qorxağın biri oldu... Yaxud da kiməsə “Cəsarət” adını qoysaq, o şəxs həqiqətən cəsarətlimi olur? Bəziləri təklif edir ki, ərəb adından imtina edək. Bunu deyənlərin əksəriyyətinin ad və soyadları ərəb adlarıdır. Bu gün “ərəb adı” deyilən anlayış yoxdur, artıq bunlar formalaşıb.

Başqa bir nümunə çəkim, “Məryəm” Quranda keçdiyinə görə ərəb adıdırmı, yəhudi, yoxsa xristian? Halbuki hər kəs bu addan istifadə edir. Problem nədir? Eyni zamanda bu gün “Adəm” adını istifadə edən nə qədər şəxs var. Mahiyyət dəyişmir. “Məhəmməd” adının əsli Quranda “Muhəmməd”dir. Onda “Məhəmməd” adını da yersiz qəbul edək?

“Yusif” deyirik, amma orijinal ad ərəbcədə “Yusuf”dur, ibrani dilində “Yozef”dir. O zaman ahəng qanununa görə, “Yusif”ə “Yusuf”, “Məhəmməd”ə “Muhəmməd” deməliyik. Yaxud “Musa”nı “Moşe”, İsanı “Yeşua” olaraq əslinə qaytaraq? Bu gün səslənən absurd qadağanı gündəmə gətirməyə, insanlarda çaşqınlıq yaratmağa nə ehtiyac var?

Bəzən soyadlarla bağlı məsələni də gündəmə gətirirlər. İstəyən dəyişsin, istəməyən dəyişməsin. Qanun valideynləri tərəfindən qoyulan adı bəyənməyən şəxsə müəyyən yaş həddinə çatandan sonra dəyişmə imkanı verir. Bunlar niyə problem olmalıdır?”

Elşad Miri deyir ki, Terminologiya Komissiyası sonradan yayılan məlumatı təkzib etdi: “Xəbəri iki fərqli saytda oxudum, bir-birinə zidd və təzadlı fikirlər idi. Guya açıqlamanın biri 10 il əvvəl verilibmiş. Ümumiyyətlə, bu kimi müzakirələrin ölkəmizə, elmimizə, inkişafımıza və gəncliyimizin yetişməsinə bir xeyri varmı? Varsa, müzakirə edək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər