“Beynəlxalq Xaç Komitəsinin məqsədləri yalnız “yeddi ay mühasirədə olan 135 kiloqramlıq erməni xəstələri” daşımaqdan ibarət olmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:
“Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməmişəm. Amma Azərbaycanın bu təşkilatın maşınlarını yoxlayaraq, qaçaqmalçılıq faktlarını videomateriallarla sübut etməsi, Qızıl Xaç Komitəsinin iç üzünü açdı. Bu, təşkilatın dünyada biabır olması ilə nəticələndi. Dəfələrlə Xankəndidə fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsinə Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif etmişdik. Demək, məqsədləri yalnız “yeddi ay mühasirədə olan 135 kiloqramlıq erməni xəstələri” daşımaqdan ibarət olmayıb.
Şübhəm yoxdur ki, bu Beynəlxalq Qızıl Xaç Komitəsinin cinayətləri ətraflı araşdırılacaq, qaçamalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icraçıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək.
Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də Beynəlxalq Qızıl Xaç Komitəsini daha yaxından tanıdı. Demək, onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq”.