“Türkiyə lideri Ərdoğan nə onunla pisləşir, nə də bununla yaxşılaşır. Yəni Ərdoğan əsl siyasətçi kimi siyasətlə məşğul olur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Tiran Lokmaqosyan deyib.
Türkiyənin “Azov” alayının komandirlərini Ukraynaya təhvil verməsinə toxunan türkoloq bildirib:
“Dəfələrlə demişəm ki, nə ABŞ Türkiyədən, nə də Türkiyə ABŞ-dan əl çəkəcək. Onlar bir-biri ilə çox yaxşı əməkdaşlıq edirlər, Ərdoğanın Türkiyəsi öz siyasətini, öz millətinin mənafeyini hər şeydən üstün tutur. Məsələn, Bayramov (Azərbaycan xarici işlər naziri) da deyir ki, onları heç nə maraqlandırmır, onları ancaq öz millətinin maraqları maraqlandırır.
Ərdoğan öz dövlətinin mənafeyini birinci dərəcəli hesab edir və NATO-nun və digər müxtəlif maraqlara məhəl qoymursa, demək, milli maraqlardan çıxış edir. Türkiyənin bu addımları həm də Qərbin xeyrinədir.
Ərdoğan Rusiya ilə sonuncu körpüdür. Bütün Avropa Rusiyaya arxa çevirib, bircə Macarıstan qalıb, o da öz maraqlarına görə irəli getmir. Üstəlik, Ərdoğandan başqa hamı Putinlə düşmənçilik edir. Ərdoğan həm mismara vurur, həm də dırnağa. Həm Rusiya ilə münasibətləri korlamır, digər tərəfdən də Ukraynanın xeyrinə bəyanatlar verir.
Bu da Qərblə barışıq addımı sayıla bilər. İndi Ərdoğan yeni kabinetlə növbəti mərhələyə başlayır, baxmayaraq ki, siyasət təbii olaraq eyni qalacaq. Bir tərəfdən Rusiya Türkiyədən narazı deyil, ikincisi Rusiyanın xoşuna gəlməyən açıq-aşkar anti-Rusiya addımı atmır, heç Türkiyə də anti-Rusiya mövqeyində deyil. Eyni zamanda, Rusiya regionumuzda ona qarşı ikinci müharibə cəbhəsi açmağa çalışdıqlarını anlayaraq, özünə yaraşmayan susqunluq nümayiş etdirib, reaksiya verməli olduğu bir çox hallara dözdü və bunun sayəsində bu regionda nisbi sabitliyi qoruyub saxlaya bildi.
Rusiya Türkiyənin əsas düşmənidir, Ermənistandan da böyük düşməndir. Çünki Ermənistan kiçik ölkədir, onunla problemləri həll edə bilər, amma Rusiya ilə problemləri həll etmək çox asan deyil. Rusiya Türkiyə üçün ən təhlükəli düşməndir. Yeri gəlmişkən, Rusiya Türkiyəyə belə baxır. Ən təhlükəli deyilsə, ən azı ən təhlükəlilərindən biridir”.
Lokmaqosyan qeyd edib ki, Türkiyə Avropa ilə Ukrayna arasında birləşdirici halqa rolunu oynayır.
Azərbaycana gəlincə, erməni ekspertin fikrincə, ölkəmiz xarici siyasətdə Türkiyə ilə koordinasiyalı hərəkət edir: “44 günlük müharibədən sonra Azərbaycan yoxdur, əvəzində “Türkiyə 1”, “Türkiyə 2” var”.