Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
İyulun 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonun Söyüdlü kəndində iyunun 20-də yaranmış narahatedici və xoşagəlməz hadisə ilə əlaqədar monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üzrə Komissiyanın fəaliyyətinə dair iradlar bildirərək müvafiq tapşırıq vermişdir.
Verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar Komissiyada aşağıdakı məsələlərə baxılmışdır.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə aparılmış monitorinqlərin nəticələri barədə geniş məlumat verdi.
Baş nazir Ə.Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb. Bildirilib ki, Nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib.
Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcəkdir.
İclasda həmçinin aparılan monitorinqlərin nəticələrinə dair Komissiya üzvlərinin məruzələri dinlənilib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Söyüdlü kənd və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlər aparılır.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Söyüdlü kəndində və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, bitki mühafizəsi və torpaq münbitliyi sahələrində monitorinqlər həyata keçirilib, kompleks müşahidələr aparılıb, örüş-otlaq sahələrinin və təsərrüfatların mövcud vəziyyəti qiymətləndirilib.
Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Ə.Əsədov Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.
Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.
Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.
Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.
Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya onunmalarının təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə göstəriş verilib.
Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.