"Ulu öndərimiz ilk hərbi tikinti hissələrini 1974-cü ildə Ulkan qəsəbəsinə göndərəndə Tayqa meşələrində ağaclar kəsilir, qəsəbələr salınırdı. Təsəvvür edin, ilk illərdə bir dənə də olsun sığınacaq olmayan geniş ərazilərdə nəhəng infrastruktur qurulacaqdı. İki ilə yaxın çətinliyimiz oldu, əvvəllər vaqonlarda qalırdıq, işlədikcə yavaş-yavaş şərait yaratdıq, təhsil alanlarımız belə oldu. Ulu öndər Heydər Əliyev həmişə inşaatçıları, mühəndisləri nəzarətdə saxlayırdı, çətinliyimiz olan kimi dərhal məlumat verilirdi".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Baykal Amur Magistralının (BAM) tikintintisində iştirak etmiş azərbaycanlı inşaatçı Alim Fətullayev deyib.
İnsan ayağı dəyməyən Tayqada yaşayış massivləri, qəsəbələrin salınması Sovet dönəminin ən iddialı və cəsarət tələb edən layihəsi idi. Dünyanın ən böyük dəmir yol magistrallarından sayılan Şərqi Sibir və Uzaq Şərqdə yerləşən Baykal Amur Magistralının uzunluğu 4324 km-dir. BAM Transsibir magistralı ilə birlikdə Rusiyanın Sakit okeana çıxışına imkan yaratdı.
İşə çox çətin iqlim və geoloji şəraitdə başlanılmışdı. Azərbaycanlı inşaatçıları BAM-ın qərb sahəsinin 210-cu kilometrliyində Ulkan stansiyasının inşası və ətrafında Ulkan qəsəbəsinin salınması gözləyirdi.
Heydər Əliyev kabinetdə oturan kurator deyildi, mühəndis-tikinti işçiləri, inşaatçılarla daim təmasda idi, təkcə tikinti işlərinin gedişi ilə deyil, həm də işçilərin həyatı, ehtiyacları ilə maraqlanırdı.
“Anjelikanın əlinə duz-çörək verdik ki, Heydər Əliyevi qarşılayanda...”
Alim Fətullayev bildirir ki, Ulkana gedəndə hərbi xidmətdən təzəcə qayıtmış 20 yaşlı gənc olub: “İnşaatçı kimi heyət yığılanda mən də Ulkana üz tutmağa razılıq verdim. Mənfi 40-45 dərəcədə işləyirdik, zaman keçdikcə iqlimə də uyğunlaşmışdıq. Bir gün eşitdik ki, ulu öndərimiz bizimlə görüşə gəlir, biz də onu duz-çörəklə qarşılamağa hazırlaşdıq, işçilər arasında nişanlı cütlük vardı. Çörəklə duzu xanımın əlinə verdik. Qızdan azərbaycanca soruşdu ki, adın nədir? Qız da cavabında dedi ki, Anjelika. Qayıtdı ki, nədir ad tapa bilmədiniz qoymağa, Zəhradan, Fatmadan qoya bilmirdiniz? Hamımız gülüşdük, həmin xanım azərbaycanlı idi, mexanik köməkçisi kimi çalışırdı, əlaqələrimiz hələ də qalırdı, yaxınlarda rəhmətə gedib. Ulu öndərdən soruşduq ki, gələndə hamımız subay idik, Azərbaycana qayıtmaq istəyəndə nə evimiz, nə işimiz var, necə olacaq? Dedi ki, bir qəsəbə qalıb, onu tikib qurtarandan sonra gedə bilərsiniz. Amma kim burada işləyibsə, Azərbaycana qayıdanda ev və işlə təmin olunacaq. Mən özüm də daxil olmaqla qayıdanda hamımıza ev də verildi, işlə də təmin olunduq”.
"Dedik ki, Anqoyaya da getmək istəyirik"
Alim Fətullayev xatırladıb ki, sonra Anqoyanın tikintisinə başlanılıb və həmin heyətdə də yer alıb: "Biz ulu öndərimizə dedik ki, Anqoyaya da getmək istəyirik. Qərar verilmişdi və Anqoya da qəsəbə salınacaqdı. Sıfırdan qəsəbə quruldu. Xatırlayıram, xarici işlər nazirimiz Həsən Həsənov bizi qarşıladı, medallar təqdim edildi".
O, hələ də Anqoyada da, Ulkanda da çalışan azərbaycanlıların olduğunu deyib: "Yoldaşlarımızla əlaqələrimiz qalıb. SSRİ dağılanda bir müddət ora ilə əlaqələrimiz kəsilmişdi, 10 ildən sonra Rusiyadakı uşaqlarla əlaqələri bərpa etdik. Bir neçə ay öncə Moskvadakı yoldaşlarımız Bakıya gəlmişdi, illər sonra ulu öndərimizin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə görüşdük".
BAM-ın hazırkı formada tikintisi haqqında qərar 1932-ci ilin aprelində qəbul edilib və tikintiyə başlanılıb. Ölkənin ən böyük tikinti meydançası və eyni zamanda böyük sınaq idi.
1982-ci il noyabrın 22-də Siyasi Büronun üzvü seçilən, noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunan Heydər Əliyevə ölkənin ən mürəkkəb sosial-iqtisadi, siyasi və mədəni vəzifələri həvalə edilmişdi. SSRİ-nin çoxlu sayda nazirliklərinin, o cümlədən rabitə, dəniz donanması, yol tikintisi və s. fəaliyyətinə cavabdeh idi. Heydər Əliyev nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirirdi, dəmir yolunda işin keyfiyyətinin yüksəldilməsinin əsas amili kimi intizam və mütəşəkkilliyə önəm verirdi.
“Hələ uşaq ikən dəmir yollarının üzərində olmuşam”
Dəmiryolçu ailəsində dünyaya gələn Heydər Əliyev bu sahənin inkişafına həssaslıqla yanaşırdı. Dəmir yolu nəqliyyatı sahəsinə dərindən bələd olan ümumilli lider çıxışında bu sahənin ciddi intizam tələb etdiyini qeyd edirdi:
"Mənim atam da dəmiryolçu olubdur. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Dəmiryolçular həmişə çox intizamlı olublar. Keçmişdə belə bir ənənə olub ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".
Heydər Əliyev Sibirə niyə göndərilmişdi?
1982-ci ilin axırlarında hakimiyyətə gəlmiş Andropov olduqca ciddi və ağır sahəyə rəhbərliyi böyük təcrübəyə malik olan Heydər Əliyevə tapşırdı.
1983-cü ildə Heydar Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin Baykal Amur Magistralının tikintisi üzrə komissiyasının ilk iclası keçirildi. İclasda bir sıra nöqsan və səhv hesablamalar aşkarlanmış, onların həlli üçün tədbirlər planı hazırlanmışdı. Zaman göstərdi ki, Heydər Əliyev BAM-ın tikintisi məsələsinə hamıdan daha düzgün yanaşdı, onu təkcə Siyasi Büronun üzvü kimi tikinti üçün lazım olan, hər şeyi bacaran rəhbər kimi deyil, həm də ilk növbədə insanları düşünən bir insan kimi görürdülər.
“Siyasi Büronun yeganə üzvü idi ki...”
Azərbaycan Texniki Universitetinin Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının professoru Heybətulla Əhmədov Teleqraf.com-a açıqlamasında vurğulayıb ki, ulu öndər Moskvaya Nazirlər Sovetinə dəvət olunandan sonra ona çox mürəkkəb məsələlər həvalə eləmişdilər: “Həm təhsil, həm sənaye, həm kənd təsərrüfatı, o cümlədən nəqliyyat problemləri ilə bağlı məsələlərə rəhbərlik edirdi. Moskvada 1989-1992-ci illərdə Moskva Avtomobil və Yol İnstitutunda doktorantura pilləsində oxuyanda çox maraqlı hadisənin şahidi oldum. Dissertasiyamın müdafiəsi ərəfəsində elan çıxmışdı və bundan xəbər tutan ermənilər mənə qarşı təbliğata başlamışdılar. Partiyanın üzvü idim, iclaslarda iştirak edirdim deyə elə bilirdilər Orta Asiyadan gəlmişəm. Elmi rəhbərim institutun rektoru akademik Lukanin idi, müdafiəyə üç gün qalmış onun qəbulunda oldum və nə üçün gəldiyimi başa düşdü. Dedi ki, Azərbaycan xalqına çox böyük hörmətin var və bu hörmət Heydər Əliyevin şəxsiyyətində yaranıb. Söylədi ki, 18 il rektoram, Heydər Əliyev qəbul komissiyasına bir dəfə təşrif buyurub qəbul prosesi ilə maraqlandı və elə söhbət apardı ki, məəttəl qaldım, bu insan nəqliyyat və təhsil sistemini necə dərindən bilir”.
Heybətulla Əhmədov qeyd edib ki, BAM-la bağlı təbii şərait, mənfi temperaturda davamlı olacaq dəmir yolunun elementlərin mümkünsüzlüyü barədə fikirlər dolaşırdı, amma o, bununla razılaşmadı: “O, Siyasi Büronun yeganə üzvü idi ki, çoxsaylı müşavirələr keçirir, çətin şəraitdə tikintinin gedişi ilə şəxsən yerlərdə tanış olurdu. Helikopterlə uçub bütün stansiyalardakı işləri yaxından izləyirdi. Stansiyalar təhvil verildikcə insanları çağırır, söhbət aparır və iş yerlərinin açılacağı barədə onları sevindirirdi. Baykal Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala ümummilli lider Heydər Əliyevin adının verilməsi onun xatirəsinə olan ehtiramın göstəricisidir. İnsanlar onu böyük sevgi ilə yada salırlar. Bu magistralın tarixi 19-cu əsrdən başlayıb, lakin bu günə qədər magistral əhəmiyyətli yoldur, Şərqə tərəf daşınmalar həyata keçirilir”.
BAM ilk partiya təşkilatına rəhbərlik etmiş Y.Naumçik bu barədə xatirəsini bölüşüb: "Heydər Əlirza oğlu qəfil hər hansı sahəyə gedər, "uşaqlar, mən acmışam, nahara nəyiniz var?" soruşar və onlarla nahar edərdi. Anlayırdım ki, bununla işçilərin ərzaqla təminat məsələsini yoxlayırdı".
Stansiyalar və stansiyalar ətrafı qəsəbələrin memarlığı kuratorların milli xüsusiyyətlərini əks etdirirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin tapşırığı ilə Ulkan kəndində əsasən azərbaycanlı inşaatçılar tərəfindən ucaldılan vağzalın bəzədilməsində Azərbaycan motivləri yer alıb. Binanın üzlənməsi Azərbaycandan xüsusi olaraq gətirilən travertin və mərmərdən hazırlanıb. Məşhur Ulkan pannosu “Azərbaycan əfsanəsi” Bakıda hazırlanıb, sonra Transbaykala çatdırılıb...
Rusiyanın yolunu dəyişən proje
Ulu öndər BAM-la bağlı deyirdi ki, ona tikinti işləri başlayanda 10 il möhlət verilibmiş: "1984-cü ildə BAM-a gəldim və 10 gün qaldım. Moskvadan Bratska qədər, oradan dəmir yolu ilə Vadivostoka, Naxodkaya kimi qatarla hərəkət etdim. BAM-ın tikintisində az əməyim olmayıb".
BAM-ın Baş Tikinti İdarəsinin rəisi Yefim Vladimiroviç Basin bu vəzifəyə Heydər Əliyevin sayəsində təyin olunduğunu deyib və Rusiya mətbuatına açıqlamasında Heydər Əliyevlə bağlı maraqlı detala diqqət çəkib: “Onun dürüstlüyü, ədalət arzusu məni həmişə heyran edib. Bu vəzifəyə görə xeyir-dua verdi. Mən onu öz müəllimim hesab edirəm. Onunla hər görüş mənim üçün mühüm hadisə idi. Onu BAM layihəsinin ən yaxşı kuratoru adlandırardım”.
Əbəs yerə BAM-ı cəsarət məktəbi hesab etmirlər...
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur".